Şəmil Sadiqdən gənclərə 12 məsləhət

Dəyərli gənclərə üzümü tuturam, bir dəfə də bu mövzuda yazmışdım, bir müəllim olaraq, yenə yazmağı özümə borc bildim. Bu gün ölkəmizdə işə düzəlmə və işdən çıxma məsuliyyəti gənclərdə heç ürəkaçan deyil. Bunun acısını rəhbərlik də çəkir, işçi də. Yəqin ki, daha çox işçinin üzərinə düşür bu əziyyət. Məhz buna görə də bu dəfə işdə və işdən çıxma zamanı nələrə diqqət etməyinizi sadalamaq istəyirəm. Bunların heç biri hansısa kitab məhsulu, ya da “Amerkan alimləri deyir ki” deyil. Yaşadığım, gördüyüm, müşahidə etdiyim anların nəticəsidi. Həm də əksəriyyəti beynəlxalq standartlarda öz əksini tapıb. Bir çox gənc iş etikası bilmədiyindən tez-tez işini itirir və məyus olur.

1. Heç vaxt özünüzdən üstdəki şəxsə qarşı naz, ərköyünlük etməyin, nəzərə alın ki, sizdən üstdəki adam doğmanız da olsa, sizin rəhbərinizdir;

2. Çalışan və şirkətə fayda verən bir insan olaraq başa düşülməyinizi istəmək və gözləmək haqqınızdır (axı siz bir şirkətin inkişafına dəstək verirsiniz), amma bununla yanaşı onu da unutmayın ki, işəgötürənin də bunu sizdən görməyə haqqı var (axı həmişə yaxşılığı böyüklərdən gözləmək düzgün deyil);

3. Haqqınızı tələb edin, amma rəhbər şəxslərinizdən haqqınızı düşməndən istəyirmiş kimi istərsəniz, əmin olun, əlinizdəkini də itirə bilərsiniz. Etik səviyyədə, səbrlə istəməyiniz daha münasibdir. Əmin olun, işini sevən rəhbər şəxslər yaxşı kadrla işləməyə daha çox üstünlük verir;

4. İşə başlayandan bir neçə ay sonra nəsə öyrənib, işlədiyinizi, şirkətə fayda verdiyinizi görürsünüzsə, bu o demək deyil ki, artıq siz vazkeçilməzsiniz. Bu düşüncə sizi düzgün istiqamətləndirə bilməz;

5. Praktikalar sadəcə sizin xeyrinizədir, müxtəlif şirkətlər var ki, praktika belə ödənişlidir. Sizi təcrübəyə qəbul edirlərsə, bunu “Şirkət məndən istifadə edir” kimi dəyərləndirməkdənsə, “Mən şirkətdən istifadə edib, nələrsə öyrənirəm” kimi qəbul etsəniz, onda daha tez uğur qazanarsınız. Ümumiyyətlə, unutmayın ki, ağıllı və imkanı olan şəxslər təcrübə proqramlarına ödənişlə qatılırlar;

6. Rəhbəriniz sizə şirin söz deyə, kefinizi soruşa, motivasiya etmək adına tərifləyə bilər, amma siz buna olduğu kimi qarşılıq verməməli, bundan sui-istifadə etməməlisiniz;

7. İşdə hər hansı bir problem çıxanda özünüzü müdafiə adına başqasının qüsurunu qətiyyən dilə gətirməyin, bəlkə də, siz bunu xoş niyyətlə deyə bilərsiniz, amma əmin olun, rəhbəriniz bunu öz istədiyi kimi qəbul edəcək ki, bu da yaxşı hal deyil – həm sizə, həm də iş yoldaşınıza qarşı;

8. İş yoldaşlarınızın işinə də əl atın, “Bu, mənim işim deyil” deyib kənarda durmaq komanda ruhuna yaddır ki, bu halda siz həmin idarədə uğur qazana bilməzsəniz, amma bu o demək deyil ki, hər vurulan mıxa papaq olasınız. Üstünüzə hər kəsə yaxşılıq etmək kimi bir vəzifə götürsəniz, bir gün peşmanlıq keçirəcəksiniz;

9. Qazandığınız işdə özünüzü təkmilləşdirməsəniz, öz büdcənizdən özünüzün inkişafı üçün xərcləməsəniz, yüksəliş sizdən yan gəzəcək. Əgər rəhbərlikdən sizin inkişafınız üçün maliyə ayrılamsını gözləyirsinizsə, bunun ən az 50%-ni də özünüz etməlisiniz. Azərbaycanda özəl şirkətdə bir işçinin işdən çıxarıla bilmə ehtimalı nə qədər çoxdursa, işçinin də işi bir saatın içində buraxma ehtimalı bir o qədər çoxdur. Bu səbəbdən qazandıqlarınız sadəcə sizindir və bunu hər addımda inkişaf etdirməlisiniz;

10. Bir işdə təşəbbüskarlıq, yaradıcılıq nə qədər çoxdursa, o zaman uğur da sizinlədir. Sadəcə icraçılıq, deyiləni, tapşırılanı eləmək sizin fərqliliyiniz deyil, bəzən deyilməyəni də etməklə risk edə, yeni çözüm təklif edə bilərsiniz və etməlisiniz. Əgər etməsəniz, eyni işin başında qocalacaqsınız;

11. Əgər işdən çıxma və ya çıxarılma məqamı gəlibsə, bunu prosedur qaydasına uyğun etməlisiniz: A) Öhdəliyinizdə olanları rəsmilərə təhvil vermək; B) Rəhbərlikdən bir ay öncədən möhlət istədiyiniz kimi, yerinizə işçi gətirilənə qədər işinizi davam etmək, lazım olarsa yeni işçiyə gördüyünüz işi başa salmaq; C) İşdən çıxma ərizəsi yazmaq və etikdir ki, ərizənizin üstünün yazılmasını gözləyəsiniz; D) Getdiyiniz zaman müdirdən incisəniz belə, heyətlə sağollaşma və vidalaşama etmək; E) Səbrli olun, sizin yerinizə kimsə təyin olunmayıbsa, siz işi qoyub gedirsinizsə, bu, iş vicdanına hörmətsizlikdir.

12. Bir işdən ayrılırsınızsa, başqa bir yerə işə düzəlməyə gedəndə heç vaxt əvvəlki iş yerinizi aşağılacayaq ifadələr işlətməyin, hətta ayrıldığınız iş yerində münasibətlərin müsbət olmasına çalışın, əmin olun ki, bu, məhz sizin xeyrinizədir.

Sözardı:

Dəyərli dostlar, mən bu yazını məhz “mən müdirəm” deyə yazmadım, mən öncə müəlliməm, maksimum yeni kadr yetişdirməyə maraqlı adamam, amma bəzən elə olur ki, illərlə, aylarla zəhmət çəkib yetişdirdiyin bir adamla yol ayrıcına gəlirəm, əmin olun ki, o şəxsdən daha çox mən heyfsilənirəm. Çünki ümumi qaydaları gözləmək hər kəsin borcudur. Ən azından etik qaydaları gözləyənlər ilk yaxşılığı özünə edir.
Bir hadisəni danışım, bitirək. Bu yaxınlarda IT sahəsində çalışan bir gənclə görüşdüm. Gəncin öz saç düzümü və saqqalı sərbəst bir insan təəssüratı yaradırdı. Hiss olunurdu ki, gününü kompüter başında keçirir və qalstuku sevmir. Amma iş görüşməsinə gəldiyi üçün səliqəli bir kostyumda gəlmişdi. Bunu da daha aydın hiss etmək mümkün idi ki, adam bu geyimdə çox sıxılır. Həyəcanlı olduğunu görüb bir az səmimi oldum, məlum oldu ki, yanılmamışam, amma adam iş görüşməsinə gəldiyi üçün qarşı tərəfə hörmət əlaməti olaraq rəsmi geyinib. Və sözsüz ki, işə alınıb, təcrübə mərhələsinə başladı. Sözüm ondadır ki, sevin, seviləsiniz!