Bakı metrosunda bu gün baş vermiş çaxnaşmanın səbəbi aydınlaşdırıldı

Nəticədə “28 May” stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb

 Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Belə ki, Dərnəgül stansiyasından Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.

Turkustan.info bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a yaranmış gecikmə ilə bağlı məlumat verib. O bildirib ki, gecikməyə səbəb “Neftçilər” stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda yaranmış problem olub.

“Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə “28 May” stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb” — deyə qurum sözçüsü əlavə edib.

B.Məmmədov həmin marşrut üzrə hərəkət edən digər qatarın “Nizami” stansiyasında bir neçə dəqiqə ləngiməsinə də aydınlıq gətirib: “Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa, dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür”.