Qafqaz İslam Ordusu Gəncədə anılıb

Gəncədə “Qafqaz İslam Ordusunun Cümhuriyyət tarixindəki rolunun mediada təbliğatı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Jurnalist Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyin sədri Çingiz Bayramov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsinin sədr müavini Elmar Fətəliyev, 4 nömrəli tam orta məktəbin direktoru Əliağa Səfərəliyev, müəllim və şagirdlər iştirak ediblər. 

4 nömrəli orta məktəbin direktoru Əliağa Səfərəliyev, iştirakçıları salamlayaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb. Daha sonra direktor çıxış üçün sözü tədbirin təşkilatçısı Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadəyə verib.

Seymur Verdizadə çıxışında bildirib ki, bu cür tədbirlərin əsas məqsədi gənc və yeniyetmələr arasında Qafqaz İslam Ordusunun Cümhüriyyət tarixindəki rolunun təbliğatıdır. O, bildirib ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri də xalqımızın düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırıma, represiyalara məruz qalması, doğma yurdlarından  didərgin salınması olub. Keçirilən tədbirlərin də məqsədi tariximizi bir daha gənc və yeniyetmələrin nəzərinə çatdırmaq və yaddaşlarda təzələməkdən ibarətdir. Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyasından danışan jurnalist 1918-ci ildə Ordu komandanı olan Nuru Paşanın Gəncəyə gəlişindən, onun xalqımız qarşısında göstərdiyi xidmətlərdən söz açıb.  

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. Konsul:“Qafqaz İslam Ordusunun Azərbaycanın o ağır vaxtında ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi . Məhz buna görə, Nuru Paşanın  ilk amalı Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi.”  Sonda Zeki Öztürk  illər keçsədə, bu qardaşlığın əbədi olacağını vurğulayıb.

Tədbirdə çıxış edən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyin sədri Çingiz Bayramov 1918-ci il 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, nəticədə ölkəmizin düşməndən azad edildiyini söyləyib.

Tədbirin digər iştirakçıları çıxış edərək bildiriblər ki, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu öz tarixi vəzifəsini şərəflə yerinə yetirib. Nuru Paşanın və türk əsgərlərinin xatirəsi bu gün də Azərbaycanda ehtiramla anılır.