Yeni nüvə erası: Supergüclər üz-üzə

Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya arasında yaşanan gərginlik artır. Bugünlərdə ABŞ Rusiya ilə bütün ipləri qoparacaq daha bir qərar verib. Belə ki, ABŞ prezidenti Donald Tramp 1987-ci ildə Sovet İttifaqı ilə imzalanan, sonradan isə Rusiya ilə yenilənən “Orta və yaxın mənzilli raketlərlə bağlı” müqavilədən geri çəkiləcəklərini bəyan edib. Tramp bu qərarı Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsi ilə əlaqələndirib. Qeyd edək ki, hələlik rəsmi Moskvadan bu qərara şərh verilməyib. İki nüvə dövlətinin münasibətlərinin bu səviyyəyə çatması yeni gərginliyin yaranması kimi şərh edilir. Analitiklər hesab edirlər ki, bu. yeni nüvə erasının başlamasına işarədir.

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ-ın “Orta və yaxın məzilli raketlərin ləğvi haqqında” Müqavilədən çıxması İkinci Dünya Müharibəsindən və 20-ci əsrin ikinci yarısında formalaşmış qlobal təhlükəsizlik sisteminin çökməsi deməkdir: 

“BMT və onun Təhlükəsizlik Şurası, Helsinki Yekun Aktı, “Nüvə silahının yayılmaması haqqında” Müqavilə, nüvə sınaqlarının qadağan edilməsi, “Kimyəvi silahların hazırlanması, istehsalı, tətbiqi və onun ləğvi haqqında Konvensiya” ilə birlikdə “Orta və yaxın məzilli raketlərin ləğvi haqqında” Müqavilə bu qlobal təhlükəsizlik sisteminin əsas sütunlarını təşkil edirdı. Son illərdə biz bu sütunların hər birinin çat verdiyinin şahidi olmuşuq. Artıq BMT TŞ-nin sanksiyası olmadan aparıcı ölkələr hərbi müdaxilə edir, sanksiyalar tətbiq edir, başqa ölkələrin ərazisi ilhaq edilir, sərhədlər zorla dəyişdirilir. Britaniyada keçmiş rus casusunun öldürülməsi isə göstərdi ki, kimyəvi silahlarla bağlı qadağalar da işlək deyil. Artıq gizli nüvə silahına malik ölkələr də var, ABŞ isə iddia edir ki, Rusiya qadağan olunmasına baxmayaraq, uçuş mənzili 500 km-dən çox olan raket istehsal edib. Ötən əsrin 70-80-ci illərindən start götürən və bir neçə on illik davam edən silahsızlaşma dövrü artıq geridə qalıb, 2017-ci ildə dünya ölkələri hərbi xərclərini rekord səviyyəyə çatdırıblar. Yeni silah növlərinin istehsalı isə görünməmiş həddə çatıb. Suriyada 7 ildir ki, müharibə ara vermir, Yəməndə vətəndaş müharibəsi davam edir. Liviyada da mərkəzi hökumət yoxdur. Əfqanıstanda mərkəzi hökumət çox kiçik əraziyə nəzarət edə bilir. İraqda isə hələ də vətəndaş müharibəsi təhlükəsi aradan qalxmayıb. Avropa silah anbarına çevrilib. Bütün bunlar dünyada qlobal təhlükəsizlik nöqteyi-nəzərindən yeni reallıqdan xəbər verir. Hərbi güc amili yenə əsas arqument kimi irəli sürülür, münasibətlərin tənzimlənməsi və münaqişələrin danışıqlarla həlli ilə bağlı əldə edilən təcrübə isə sanki unudulub. Bütün bunların kontekstində “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” Müqavilənin pozulması qlobal təhlükəsizliklə bağlı mövcud riskləri daha da gücləndirir. Ekspertlər həyəcanla indi baş verənləri 1-ci və 2-ci dünya müharibəsi ərəfəsində çərəyan edən proseslərə bənzədirlər. Təəssüf ki, dünyada qlobal təhlükəsizliyə zərbə vuran addımlara qarşı ciddi etiraz və təpki müşahidə edilmir. Ən faciəlisi isə dünyanın aparıcı güclərinin münasibətində etimadın tamam itməsi, inamsızılıq mühitinin yaranmasıdır. Bunun nə ilə nəticələnə biləcəyinə dünya ötən əsrdə “Karib böhranı” zamanı şahid olub. Amma əfsus ki, bu dərslər tez unudulub və yenə raket başlıqlarının uçuş məsafəsi diplomatik gedişləri əvəzləyib”.

Politoloq Əhəd Məmmədli isə bu qərarın Rusiyanın maraqlarına uyğun olmadığını deyib: 

“Atom bombaları, nüvə ölkələri olduğu zaman nüvə erası bitməyib, bitməyəcək də. ABŞ-ın qərarına gəldikdə isə, Tramp bu barədə dəfələrlə xəbərdarlıq etmişdi. ABŞ-ın bu qərarına Avropa Birliyindən tənqid gəlsə də, Böyük Britaniya tərəfindən dəstəkləndi. Rusiya həmişə olduğu kimi hər şeydə Amerikanı günahkar sayacaq. Bu qərar Rusiyanın maraqlarına uyğun deyil. Bu o deməkdir ki, ABŞ “arxa bağçası” olan Şərqi Avropanı silahlandırmaqda davam edəcək. Rusiya Amerika ilə silahlanma yarışına çıxsa, hər şeyini ortaya qoysa, belə uduzacaq və SSRİ-nin aqibətini yaşayacaq. Ona görə bu qərar Rusiya üçün zərərlidir. Orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən həm də ABŞ Çinə görə çıxdı. Sakit Okean, Uzaq Şərq regionu ABŞ üçün çox önəmlidir. Bu regionda Çin Xalq Respublikası çox güclüdür. Əgər əvvəllər ABŞ SSRİ-yə qarşı Çini qoyurdusa, indi də Rusiyadan Çinə qarşı istifadə edə bilər. Çin şərq müdrikliyi ilə yarım əsr ABŞ-la SSRİ arasında manevr edirdi. İndi Çin özü ayrı bir tərəfdir. Rusiya hələ də SSRİ nostaljisi ilə yaşayır. Çin də bundan hələlik məharətlə istifadə edir. Rusiya hələ də özünü dünyanın iki super dövlətindən biri zənn edir. Rusiyanı gələcək ABŞ-Çin qarşıdurmasının plasdarmı kimi görürəm”.   /Cebhe.info/