“Azərbaycan Fransanın səmimiyyətinə o zaman inanacaq ki…” – Azay Quliyev

Fransa 3 yerli özünüidarəetmə orqanı rəhbərinin qanunsuz addımları bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü missiya və mandata daban-dabana ziddir.

Turkustan.info xəbər verir ki, bu sözləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Mili Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ilə bağlı Axar.az-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, Azərbaycan sözügedən məsələdən dolayı dəfələrlə Fransanı tənqid etsə və beynəlxalq hüquq normalarına əməl etməyə çağırsa da, Paris çox böyük haqsızlıq edərək qondarma və separatçı rejimlə əlaqələrini davam etdirir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq bir qurumu legitimləşdirməyə çalışır:

“Hesab edirəm ki, Fransa prezidenti və aidiyyəti orqanlar ən azı beynəlxalq hüquqa zidd olan bu qanunsuz hərəkətlərlə bağlı açıqlama verməlidir. Dəfələrlə Fransadan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlər təşkil edilib. Onlar bildirirlər ki, Fransa hüquqi və demokratik olduğuna görə bu ölkədə olan qurumlar istənilən qurumla əlaqə saxlaya və əməkdaşlıq edə bilərlər. Bu açıqlamalar gülünc və cəfəngiyyatdır, üstəlik, heç bir ciddi arqumentə söykənmir. Kökündən yanlış olan bu yanaşma Fransa və dünya ictimaiyyətini aldatmaq cəhdidir. Əgər doğurdan da Fransa hüquqi, sivil və demokratik dövlətdirsə, onda ilk növbədə hüquqa, demokratik prinsiplərə, beynəlxalq hüquq normalarına və Helsinki prinsiplərinə əməl etməlidir. Bu prinsiplər istənilən suveren dövlətin sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü tanıyır. Hər hansı bir şəxsin Azərbaycanın sərhədlərini pozaraq onun ərazilərinin bir hissəsinə qanunsuz olaraq səfər etməsi, qondarma qurumla əlaqə saxlaması, əməkdaşlıq etməsi, beləliklə, işğalı legitimləşdirməsi həmin qanunlara daban-dabana ziddir”.

Millət vəkili hesab edir ki, bu məsələ Fransa ilə ikitərəfli münasibətlərdə və yüksək səviyyəli görüşlərdə əsas problem kimi qoyulmalıdır:

“Fransa hökuməti, bu ölkənin prezidenti, xarici işlər naziri və Minsk Qrupunun Fransadan olan həmsədri bu səfərləri qəti şəkildə pisləməli və bunun Parisin siyasətinə tam zidd və qanunsuz olduğunu bildirməlidir. Bu zaman Azərbaycan doğurdan da Fransanın səmimiyyətinə inanacaq. Bunlar olmayınca isə belə bir təəssürat yaranır ki, Fransa dövləti və hökumət nümayəndələri ayrı-ayrı subyektlərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə ikitərəfli əlaqə saxlaması, onlarla müqavilə imzalaması, onları legimimləşdirmək cəhdi ilə razıdırlar. Belə olan halda Fransanın həmsədr kimi Minsk Qrupundakı fəaliyyətinə və mandatına yenidən baxıla, hətta sual oluna bilər ki, belə bir ölkə ATƏT-in Minsk Qrupunda necə vasitəçilik edə bilər? Açıq şəkildə separatzmi dəstəkləyən bir dövlətin səfiri necə gəlib burada ədalətin, sülhün və beynəlxalq hüququn bərqərar olmasına necə yardım edə bilər? Zənnimcə, Fransanın Azərbaycana qarşı bu destruktiv hərəkətinə birmənalı şəkildə münasibət bildirilməli və bu məsələyə birdəfəlik nöqtə qoyulmalıdır”.

A.Quliyev Fransa nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ilə bağlı məsələni ATƏT-in xarici işlər nazirlərinin dekabrın 6-7-də Milanda keçiriləcək iclasında bir daha gündəmə gətirəcəyini vurğulayıb:

“Minsk Qrupunun həmsədri kimi Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə zidd addımlar yolverilməzdir. Bu məsələ yaxın zamanlarda bölgəyə səfər edəcək Minsk Qrupunun fransalı həmsədri ilə də ayrıca müzakirə olunmalıdır. ATƏT PA-da Fransanın vitse-prezident qismində olan nümayəndəsi ilə də bu məsələni müzakirə edəcəyik. Bu məsələnin insan haqları, yaxud da demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu gün dünyanın əsas gündəmində olan və dünyanın təhlükəsizliyini təhdid edən terror, etnik separatizm, işğal və aqressiyadır. Bunlarla eyni səviyyədə mübarizə aparmasaq, onda özümüzü bu bəlalardan nə dərəcədə müdafiə etmiş olacağıq. Fransanın bir qrup erməni diasporunun əlində oyuncağa çevrilməsi və onların dediyi ilə oturub-durması həqiqətən də bu dövlətin adına böyük bir utancdır. Böyük bir tarixi, mədəniyyəti və demokratik təcrübəsi olan Fransa kimi bir dövlət bir qrup erməni diasporunun əlində aciz durumda qalıb”.