Beynəlxalq Türk Akademiyası nadir tarixi əsərləri nəşr etdi -Təqdimatdan fotolar

Astanada Qazaxıstanın Birinci Prezidenti – Elbaşı Kitabxanasında Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən nəşr olunan Rəşidəddin Fəzlullahın “Camiğ-at-tarix” və Bekasıl Bibolatulının “Zikzal” kitablarının təqdimatı olub. Nadir tarixi əsərlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin elan etdiyi “Mənəvi Yenilənmə” proqramı çərçivəsində işıq üzü görüb. 
Təqdimat mərasimində Nur Otan Partiyası sədrinin birinci müavini Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Kıdırəli, Qazaxıstan İctimai İnkişaf nazirinin müavini Berik Arın, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerlan Sıdıkov, Qazaxıstan Parlamenti vəkilləri, tanınmış dövlət xadimləri, elm adamları iştirak edib.

Nur Otan Partiyası sədrinin birinci müavini Maulen Aşimbayev bildirib ki, Rəşidəddin Fəzlullahın “Camiğ-at-tarix” və Bekasıl Bibolatulının “Zikzal” əsərlətinin qazax dilinə tərcüməsi tarixi hadisədir. Orta əsrlərdə qələmə alınan “Camiğ-at-tarix” Böyük çölün tarixi, Çingiz xanın həyatı və şəcərəsi, Qazaxıstan və Orta Asiya ərazilərində yaşayan əcdadlarımızın mənşəyi, inkişafı, dövlətçiliyimizin formalaşması haqqında səhih məlumatları ehtiva edən hərtərəfli və elmi cəhətdən əhəmiyyətli əsərdir. Bir neçə dilə çevrilən əsərin Beynəlxalq Türk Akademiyasının səyi ilə “Mənəvi yenilənmə” proqramı çərçivəsində birbaşa farscadan qazaxcaya tərcümə edilməsi böyük uğurdur. O, nəşrləri “Mənəvi Yenilənmə” proqramının konkret nəticəsi və uğuru hesab etdiyini diqqətə çatdırıb.

Beş cilddən ibarət olan “Camiğ-at-tarix” əsəri 1300-1316 illər arasında qələmə alınıb. Əsər türk xalqlarının tarixi, toponimləri, dövlət rəhbərlərinin şəcərələri, böyük boylar və onlar arasında münasibətlər haqqında məlumatları əhatə edir. Kitabda Çingiz xanın qurduğu dövlət, Elxanlılar dövlətinin bəzi rəhbərləri, Cənubi Qafqaz, Xorasan, İran, Orta Asiya, İtil çayı vadisi (Volqaboyu), Monqolustan kimi bir çox bölgələr haqqında çox dəyərli məlumatlar vardır. Əsər indiyədək bir çox dilə tərcümə edilərək elmi ictimaiyyətə çatdırıla da, qazax dilinə ilk dəfə və orijinaldan çevirilmişdir. “Camiğ-at-tarix” türk tarixinin misilsiz mənbəyi və ensiklopediyasıdır.

Bekasıl Bibolatulının “Zikzal” əsəri vasitəsilə türk xalqlarının dini anlayışı haqqında məlumat sahibi olmaq mümkündür. Türk xalqlarının ənənələri ilə İslam dini arasındakı uyğunluğu göstərən faktorlar, Türk-İslam alimlərindən ortaq mirası bu kitabda böyük ustalıqla bir araya gətirilmişdir.

TWESCO prezidenti Darxan Kıdırəli hər iki əsərin xalqlarımız üçün əhəmiyyətini qeyd edərək bildirib ki, “tarixi yazmaq, onu yaratmağa bərabərdir. Çünki yazılmayan, daşa həkk olunmayan tarix silinir, yaxud da onu yazanlar tərəfindən özününküləşdirilir. Zamanında böyük çöldə mühüm izlər qoyan qəhrəman babalarımızın şanlı şəcərəsini müxtəlif vaxtlarda millətin yaddaşından silməyə çalışdılar. Xoşbəxtlikdən sərvətimiz olan müstəqilliklə yanaşı, belə dəyərli qaynaqlar sayəsində qədim tariximizə də yenidən qovuşduq. Hər iki əsər də Qazaxıstan Prezidentinin elan etdiyi “Mənəvi Yenilənmə” proqramında elan olunan milli kodla uyğun gəlir. Biri beynimizə xitab edib yaddaşımızı canlandırarkən, digəri qəlbimizlə iç dünyamızı bəsləyir”. Akademiya prezidenti bildirib ki, Rəşidəddin Fəzlullah “Camiğ-at-tarix” əsəri üçün ehtiyac duyulan məlumat və resursları toplamaq üçün o dövrün türk, İran, ərəb, Çin, Tibet, hind və digər mənbələri ilə işləmişdir. Bu da əsərin mükəmməlliyini və əhatəliliyini təmin etmişdir.

Qeyd edək ki, təqdimat mərasimdə hər iki əsəri orijinaldan qazax dilinə çevirən alim, fars dili mütəxəssisi Zaripbay Orazbay Beynəlxalq Türk Akademiyasının gümüş medalı ilə təltif olunub.