ABŞ qadağası: Nefti nələr gözləyir?

Əgər İran neft satışını davam etdirsə və hasilatı artırsa, bu, dünya bazarında neft qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bu gün İrana qarşı aktivləşən sanksiyaların neft qiymətlərinə təsiri barədə şərhində deyib. Ekspert bildirib ki, ABŞ-ın İrana sanksiyalarının çox sərt olması dünya bazarında neft qiymətlərini daha da yüksəldə və bunun nəticəsi olaraq da ABŞ-da benzini kəskin bahalaşdıra bilərdi:

“Məhz bu səbəbdən ABŞ bir neçə gün öncə İrandan neft alan 8 ölkəyə güzəşt tətbiq etdi. Maraqlısı da bundan ibarətdir ki, elə həmin 8 ölkə İrandan neft alır. Bu da təbii ki, bazarlar tərəfindən kifayət qədər ciddi qarşılandı və neftin qiymətlərində enmələrlə müşahidə olundu. Əgər doğurdan da İran neft satışını davam etdirsə və hasilatı artırsa, bu, dünya bazarında neft qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq”.

İqtisadçı hesab edir ki, ABŞ sözügedən tutumunu dəyişməyəcəyi və 8 ölkə İrandan neft almaqda davam edəcəyi halda dünya bazarında neftin qiymətləri sabitləşməyə davam edəcək:

“Paralel olaraq Rusiya (300 min barrel) və Səudiyyə Ərəbistanının (400 min barrel) neft hasilatını artırması qərarı da trendi aşağıya doğru çəkəcək. Beləliklə, artıq neftin bazara daxil olması fonunda ilin sonuna qədər qiymətləri 70-dən aşağı, hətta 60 dollara yaxın görə bilərik”.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların ikinci mərhələsi bu gün qüvvəyə minib.