Günlərdi yazmaq istəyirəm amma özümü sıxıb saxlayıram. Günlərdi düşünürəm ki, dosta və düşmənə yüksək səslə elan edim bu xoş xəbəri.  Amma özümü bir təhər sıxıb saxlayıram, USTADIM. Qorxuram, qorxuram ki, dost istədiyindən düşmən isə bədnəfsindən səni gözə gətirər. Hər gün üzbəüz saatlarla söhbət etməyimizə baxmayaraq əsil ürək sözümü mən hər dəfə yazılarımda demişəm SƏNƏ, Cavanşir Cahangirova…-USTAD dediyim kəsə.

Mənim USTADIM kimdi..?

Azərbaycanda 1956 cı il 6 noyabrda anadan olanların içində görəsən neçə nəfərin AZTV-yə dəxli var? Statistika idarəsinə müraciət etsəz belə sizə düzgün cavab verən olmayacaq. Amma mən və onu sevənlər bunu bilirlər. Bu mənim USTADIM, təkcə mənim yox yüzlərlə jurnalistikanın astanasında dayananların USTADIDIR. O astanadada ki, onların 27 nəfəri artıq Azərbaycanın əməkdar jurnalistidir, o astanada ki, bu gün 1956 cı il 6 noyabr tarixinin həm də, USTADIN doğum günü olmağını bilirlər. Ancaq çoxları fərqinə varmırlar. Bəli mən həmin USTAD-dan danışram.

Ömrümüzdən dörd il ötdü. Bu dörd ildə yaşadığımız hər gün Allaha sənin üçün dua etdim. Hər gün naməlum nömrələrdən gələn zənglər məni məyus etdi. “Bəlkə elə bu zəngdi” deyib sənin dünyadan getdişini bu dörd ildə dəfələrlə yaşadım. Bu dörd ildə ən yaxın adamlarımı itirdim. Kimi həyatdan köçdü kimi isə gözümdən. Amma etiraf edim ki, bu dörd il səni mənə bir az da doğmalaşdırdı. Bax elə bu dörd il sənin mənə kim olduğunu bir daha dedi. İlk əməlyatına getdiyin günün səhəri mənə verdiyin sözü unutmamışam. Gözəl səs tenbirinə malik olan, Cavanşir Cahangirov, “Qızım ölməyəcəm, qorxma” deyib əməlyata getdin.

Mən o vaxt bilmirdim ki, Cavanşir müəllimə və ailə üzvlərinə həkimlər bildiriblər ki, ən yaxşı halda  onun dörd ay ömrü var. Dörd aylıq qonağımızdı. O zaman həyat yoldaşı Nüşabə xanım bu sözü eşidər-eşitməz hüşünü itirib və özünə gələr-gəlməz deyib ki, bunu Cavanşirə deməyin. Ciddi və bir qədər də qəddar görünən Araz həkim isə cavabında deyib ki, Cavanşir müəllimin artıq öz aqibətindən xəbəri var və özü bu əməlyat üçün imza atıb. O da sizin üçün narahatdı.

Qayıdaq həmin günlərdə mənim yaşadıqlarıma. Özüm-özlüyümdə Cavanşir müəllim bizi sakitləşdirir, amma tutulduğu zəhrimarın nə olduğunu sanki bilmir deyib sadəcə sənin ilk dörd ayını gözlədim. Bədxassəli şiş xəstəsi dörd ay hələ bizimlə olmalı idi. Bu dörd ayda ilk itkimiz sənin səsin oldu. Xəstəliyinin ilk dörd ayında bir az da inadkarlaşan Cahangirov yaşadığı günləri lağa qoyaraq yola saldı. Doğmalarını əlindən alan bu dərdə “mən sənin əlindən çox çəkmişəm, səni ağlar yola salacam” dedi. Cahangirov bu dörd ildə nəinki mənim yaddaşımda xəstəliyinə qalib gələn adam kimi, hətta öz dərdini özünə danışan adam kimi həkk olundu. Dərdin özünə danışan adam dörd ili ötürüb bu günlərdə mənə zəng etdi. Danışığında kişi ədasın saxlamağına baxmayaraq səsi ağrılı çıxan bu adam “Günay, hardasan?…- sənə deyəcəklərim var” dedi. Cahangirov sən demə mənə bu günüə qədər demdiklərini deyəcəkmiş. Görəsən niyə bu qərara gəlmişdi? Bəs görəsən niyə indi deyirdi? Bilmirdim… bildim.

Gəldim, ilk dəfə idi dərdini danışırdı bu adam. “Dediklərin düz çıxdı.”- deyə başladı danışmağa. Dinlədim. Boğulduğumu hiss edən adam üç saat danışığının sonunda mənə şad xəbər verəcəyini əvvəlcədən işarə etmişdi. O danışdıqca nə qədər böyük adam olduğunu bir az da dərk etdim. İnsanın qəlbində və gözündə olan adamlar olar. O adamlar gözdən düşəndə qəlb inciyir. Çünkü qəlbin giriş qapısı gözdü. Cahangirovun bu dəfə nəinki gözü itirmişdi, nəyin ki, qəlbi ağrımışdı. O hətta başını itirmişdi desəm yanılmaram. Çünki, bu dəfə əzizləyə-əzizləyə başına çıxardığı, həm də hamımızın başına çıxardığı adamdan xəyanət görmüşdü. Bütün bu danışılanların mənə dəxli yox idi mən bütün bu dərdləşmənin sonunda deyiləcək öz xəbərimi, mənə söz verilən şad xəbəri gözləyirdim. Nə olur olsun bütün bu dərdin sonunda Tanrı onu mükafatlandırmalı idi. Üç saatın tamamında “Qızım, titrəmə, mən sağalmışam” dedi. Əsəbimdən bilmədim nə deyim. “Sənin bu olanlardan sonra sağlamamağa ixtiyarın yoxdu” dedim. Beləcə dörd ay ömür yaşamalı mənim USTADımı “nə yaxşı ki, başından gurum-gunbultu ilə düşən, adam, əsəbləşdirib, növbəti əməlyata yolldın” dedim özüm-özlüyümdə. Çünki, bilənlər bilir, bilməyənlər üçün bir də deyim –  Cavanşir Cahangirovun boğazında olan ikinci şiş lap pis yerdə idi. Əməlyatdan uğurla çıxan və raka (xərçəngə) qalib gələn, USTADIM, ən çox sevdiyimiz şair Mikayıl Müşfiq olduğuna görə demirəm ha…-

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki.
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!

Günay Novruz

Xatirladaq ki, Cavanşir Cahangirov AZTV-də 1982 ci ildən işləyir. O televiziyada 64 ən yeni və ilk verilişlərin müəllifi olun. Tamaşaçılara “Çay dəstgahı”, “İdrak”, “Sorağınız gəlir”, “Körpü”, “Teleteatrda gənclər gecəsi”, “Telemarafon” kimi verilişlərin ssenarı müəllifi və aparıcısı kimi tanışdı. Redaksiyamıza bu günlərdə məlum olub ki, Cavanşir Cahangirov televiziya haqqında yazdığı üç ciliddən ibarət kitablarını capa hazırlayır. Qeyri-adi üslubda yazılan bu kitabların fəsildən fəsilə keçidlərində “Mən başladım…” silsilə yazılar verilib. İndi sizə həmin silsilədən kiçik bir numunəni təqdim edirik.

***

«Mən başladım…» silsiləsindən

 

  «RƏFİQƏLƏR… AY…RƏFİQƏLƏR»

                                      ( Tragi – komik sillə )

 

Sağ ol, salamat qal o dünya, sabahın xeyir, bu dünya…

O dünyam, bağışla məni, bu dünyada o qədər yarımçıq işlərim qalıb ki, qayıdıb onları tamamlamalıyam, içimdəki günahlarımı yuyub, səhvlərimi asılqanda qurutmalıyam.

Mən dirildim… Lev Tolstoyun «Dirilmə» və M.Cəlalın «Dirilən adam» romanı ilə səhv salmayın. Mən halallıq alıb ölmüşdüm. Səhvən ölməmişdim. Ölmüşdüm ki, ölüm. Yarımçıq ölməmişdim ki, kişi kimi ölmüşdüm… Məni öldürən Tanrı yenidən diriltdi ki, bir yığın, bir dəstə, bir sürü heyvan kimi adamları ayıltsın. Ayıltsın ki, adam öləndə kişi kimi ölər. Adam Cavanşir kimi ölər. Bir dəfə! Gündə yüz dəfə ölənlər yığnağı, bu hadisəni- Tanrı öldürdüyünün sizdən daha diri və faydalı olduğunu sübut etmək üçün törətdi və təzədən Diriltdi!!! Məni sizin   gözünüzə çöp kimi soxdu ki, gördüyünüzü dərk edəsiniz. Gözünüzlə beyninizin bir əlaqəsi olsun. Göz avtomobil işıqlarıdı. Beyinə tabedi. Əmr gəlir ki, ya yan, ya da ki, sön. Qaranlıqda yanmalısan ki, həyat cızığından kənara çıxmasınlar.

Ölmək qaranlıq deməkdi… Qaradı rəngi. Alimlər də, mollalar da, seyidlər də belə deyirlər.

Mənim ölümümün  rəngi qara yox, parlaq ağ oldu, işıqlı oldu…

Vay… vay…eh vay… Kimin əli kimin cibində…, kimin əli… kimin dalında…. «Qəflət» effekti o qədər güclü oldu ki, nə əl utandı, nə cib, nə də ki, dal utandı… Əksinə…özlərinə haqq qazandırdılar… Əl ilə cib bir söz dedi… Maraqlısı «dal»ın özünə haqq qazandırmasıdı. Bu üç hərfdən ibarət olan yer görün nə deyir: -Mən neyləyim ki, yaman qaşınıram. Məni qaşımaq lazımdır. Adam var vicdanı qaşınır, biz də adamıq, amma bizim dalımız qaşınır. Sənin kimi ölənlərdən yox, sağ qalan əllərdən xahiş etdik ki, qaşıyın qaşınan yerimizi… «Qaşınan rəfiqələr» adlı birlik yaratdıq… Paxıllıq etməyin, sıralarımız genişlənir. Çox səhv edib dirilmisən. Vaxtında hamımızı qaşımısan, onda yaxşı idi, indi pis?! İndi də qaşıya bilərsən e… amma əllərin çox istidi, ölü əlinə oxşamır, qaşımır, cırmaqlayır.

Özümə qayıdıram. «Qaşınan rəfiqələr» ideoloji platformasından o qədər açıqlama vermək olar ki, sonra «eybəcər və iyrənc» sözlərinə sitayiş edərik. Qoy eybəcər eybəcər olsun, iyrənc də iyrənc.

Əslində qaşınmaq təbii fiziki prosesdir. Mənəvi tələbat deyil. Qaşınmaq xəstəlikdir, təbabətdəki adı «Qoturluq»dur. «Qaşınan rəfiqələr» birliyinin mənim üçün adı «Qotur rəfiqələr» deməkdir. İş ki qaldı qaşınmağa – o qədər qaşınmısınız ki, artıq qan axır. Qaşınmayan yerdən qaşıyıb qan çıxarmısınız. Dərk edirsinizmi, bu qanı yuya biləcəksinizmi…? Məni çağırmayın, mən qaşınmayanların tərəfindəyəm.

P.S.

Övladlarınızı dəri-zöhrəvi xəstəliklərindən qoruyun..!

«Qoturluq» yoluxucu xəstəlikdir..!

C.Cavanşir