“Tahir Kərimli deputat deyil…” – Himn qalmaqalı millət vəkillərini qarşı-qarşıya qoydu

Sabiq hüquqşünas, Milli Məclisin deputatı Tahir Kərimlinin parlamentin plenar iclasında Azərbaycan Respublikası Dövlət Himninin sözlərinə və musiqisinə dəyişiklik edilməsi ilə bağlı təklifi ictimaiyyət tərəfindən müzakirə olunmaqdadır.

Turkustan.info xəbər verir ki, millət vəkilinin dövlət himnini mərsiyəyə bənzətməsi, sözlərinin çox olması ilə bağlı fikirləri cəmiyyəti iki qütbə ayırıb.

Bir qisim millət vəkilinin tənqidi fikirlərini sərt reaksiya ilə qarşılayır, digər bir qisim isə təklifin müzakirəsinin normal ola biləcəyini müdafiə edir.

Millət vəkili Aqil Abbas Publika.az-a verdiyi açıqlamada bildirib ki, hər kəs müstəqil insan kimi öz fikirlərini bildirməkdə azaddır:

“Gündə himn dəyişməzlər. Tahir Kərimli də o təklifi verdiyinə görə onu topa tutmaq lazım deyil. O da bir insandır və öz subyektiv fikrini dilə gətirir. O deməkdir ki, heç kim ürəyindən keçəni deməməlidir? Tahir Kərimli təklifini verdi və daha sonra da açıqlamalarında niyə o təklifi verdiyi ilə bağlı özünün arqumentlərini də bildirdi.

O ki qaldı təklifə, biz hazırda himn dəyişə bilmərik. Biz 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətini özümüzə varis saymışıq və onun ənənələrindən istifadə edirik. Himnimizi də həmin cümhuriyyətdən götürmüşük. Üstəlik, 1991-ci ildə yenidən müstəqillik əldə edəndən sonra müxtəlif özəl günlər, bayramlar da var idi ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün özəl günlər və ənənələri 1918-ci ildə qəbul edilənlərə qaytardı. Biz yeni hökumət deyilik ki, yenidən nəsə yaradaq. Himnin dəyişdirilməsinə ehtiyac görmürəm.

Tahir Kərimlini də fikirlərini bildirdiyinə görə topa tutmağı qəbul etmirəm. Tahir Kərimli müstəqil insandır, deputatdır, heç deputat deyil, ziyalıdır. Özü də istiqlalçı ziyalıdır. O, İsmayıllıda hakim idi, “partblet”ini cırdı atdı, vəzifəsindən istefa verdi. Bunu hər oğul etməzdi. Bu insanın ürəyi vətən eşqi ilə döyünür. Fikirləri isə səhvmi-düzmü, axır ki, ona məxsusdur. Buna görə onu topa tutmaq doğru deyil”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadə isə Tahir Kərimlinin təklifinə tənqidi yanaşıb və himnin bir dövlət üçün vacibliyini tarixi baxımdan izah edib:

“Atam danışırdı ki, bir dəfə nəslimizdən olan bir nəfərlə rastlaşır. O ulu babamız Mirzə kişinin adı ilə bağlı olan “Mirzəyev” soyadından imtina edərək öz babasının adını yeni soyad kimi götürübmüş. Atam onu danlayar ki, insan da öz kökündən imtina edərmi? Bu paltar deyil ki, dəyişəsən. Himnimizin dəyişilməsi təklifini eşidəndə də bu söhbət yadıma düşdü.

Bu günlərdə parlamentdə Azərbaycan dövlət himninin dəyişdirilməsi təklifi səsləndi. Səbəb kimi himnin uzun olması göstərildi. Bu təkliflə razılaşmıram. Himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir. Hər bir xalqın tarixində müəyyən dəyərlər var ki, onlara toxunmaq olmaz, onlar qorunub saxlanmalıdır. Himnimizin mətnində vətən, torpaq, hüquq və əsgər sözləri var ki, həmişə aktualdır.

Mətnin uzunluğuna gəldikdə isə, Yunanıstanın himnində yüz əlli səkkiz sətir var, Argentina himninin doqquz, Salvador himninin səkkiz bəndi var. Azərbaycan himni isə cəmi dörd bənddən ibarətdir. Dünyanın ən qədim himni isə Niderlandındır ki, 1574-ci ildə şahzadə l Vilhelmə həsr edilərək səslənmişdir”.

Millət vəkili Fazil Mustafa isə hər bir mövzunun müzakirəyə çıxarıla biləcəyini müdafiə etdi:

“Ümumiyyətlə, bu gün hər şeyin müzakirə olunmağa ehtiyacı var. Cəmiyyətimiz isə fəst-fud yeməklərindən geniş istifadə etdiyinə, yəni hazır yemək xoşladığına görə bu təklifi yaxşı qarşılamadı. Müzakirə olunmaqda nə var ki? Onsuz da, dövlət himnimiz nə zamansa dəyişdirilib. Elə Üzeyir Hacıbəyovun yazdığı formada qalmayıb ki. Yəni, himnin müzakirə edilməsində qəbahət bir şey yoxdur və müzakirə edilmək hələ hər şey demək deyil”.

Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu açıqlamasında bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövründə onun miras qoyduğu dəyərləri kobud formada tənqid etmək doğru deyil:

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində onun miraslarından biri olan dövlət himnini belə səviyyədə müzakirəyə çıxarmaq nə qədər düzgündür? Tarixdə heç bir dövlət belə yola əl atmayıb. Ən azından, Cümhuriyyətin 100 illik yubileyini qeyd edib bitirdikdən sonra bu müzakirələri ortaya çıxarmaq olardı. Lakin indi heç zamanı deyil. Azərbaycan Xalq Cümhuriyyəti bizə, nəinki, himn, həm də bayraq, gerb miras qoyub. Onun “İstiqlal Bəyənnaməsi” belə bizim üçün dəyərlidir. Bizim tariximizdir. Şanlı tarixin bir əsrlik yubileyini qeyd etdiyimiz dövrdə durub, onun mirasına “ürəkbulandırıcıdır, ürəksıxandır” demək ayıbdır.

Üstəlik, bu ifadələri işlədən insanlar bir də himnin sözlərinin müəllifliyi məsələsini qabardırlar. Ancaq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavaddır. Əhməd Cavad məhz himinin müəllifi olduğu üçün 1937-ci ildə repressiya qurbanı olub. Azərbaycan bayrağını tərif edən şeirlər yazdığı üçün güllələnib. Gəlin cümhuriyyətimizin yubileyinə layiqli davranış göstərək, ləyaqətli yanaşmalarla münasibət bildirək. Belə dəyərsiz ifadələrlə cümhuriyyəti ləkələməyək.

Himnin dəyişdirilməsinə isə qəti ehtiyac yoxdur. Bu, bizim xalqımızın qəlbinə, düşüncəsinə, şüuruna oturmuş himndir. Hansı xalq oturub 100 illik yubileyində himnini dəyişdirir ki? Onu dəyişməyə nə ehtiyac var? Orada hansı söz var ki, o, bizim ürəyimizcə deyil?

Türkiyənin dövlət himninin sözlərinin müəllifi olan Mehmed Akif Ərsoy sağlığında bildirib ki, himnin sözləri onun kitablarında çap edilməsin. Çünki himn xalq üçün yazılıb. Yalnız 1978-ci ildə şair vəfat edəndən sonra “İstiqlal Marşı”nın sözləri onun kitablarına salınmağa başlandı. Yəni, himnin müəllifinin kimin olmasının məsələyə nə dəxli var? Bizim üçün əsas məsələ odur ki, bu himn var və mövcuddur. Bu gün “Marselyoza”nın müəllifinin kim olduğunu axtaran varmı? Yox. Çünki onun müəlifliyi heç kimi maraqlandırmır. Mahnı yazılıb və beynəlmiləl status qazanıb. İnsanların dəyərinə çevrilib”.