Paşinyanın Qarabağla bağlı sözlərinin sirri…

Dağlıq Qarabağ münaqişəsi ətrafında görünməyən, bir qədər də maraqlı proseslər baş verir. Düşənbə razılaşmasından sonra təmas xəttində sabitlikdir, lakin hazırda seçkilərə hazırlaşan Nikol Paşinyan “vətənpərvərlik” pafosundan daxili auditoriya üçün istifadə etməyə davam edir. Paşinyanın iddialarını, xüsusilə Düşənbə razılaşmasına rəğmən “Qarabağ danışıqlarda əsas tərəf olmalıdır” kimi absurd çıxışlarını “seçki təlaşı” hesab etmək olar. Lakin onun mövqeyi seçkidən sonra dəyişəcəkmi?

Son günlər Qarabağ ətrafında qeydə alınan bəzi nüanslar bu sualı gündəmə gətirir.

Mümkündür ki, Paşinyan seçkidə xalq qazanmaq üçün Qarabağ faktorundan gen-bol istifadə edəcək, istədiyinə nail olandan sonra danışıqlar masasına konstruktiv mövqe ilə əyləşəcək. Bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda olarkən “Paşinyanın komandası qalib gələrsə, bu, münaqişənin həlli ilə bağlı real addımlar atmaq imkanı yaradacaq” açıqlamasını da “Sahibləri Paşinyandan münaqişənin həll edilməsini tələb edir” kimi də oxuya bilərik. ABŞ-İran qarşıdurması da bununla bağlı bir sıra versiyaları ortaya çıxarır.

Amma kim zəmanət verir ki, Paşinyan seçkiyə qədər danışıqlar atmosferinə zidd açıqlamalarla xalq qazanaraq, istədiyinə nail olandan sonra danışıqlar masasına əyləşəcək?!

Əslində Boltonun, ondan sonra regiona gələn həmsədrlərin səfərindən dərhal sonra Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərin gəlişi və burada 3 gün boyunca qalması diqqət çəkir. Paşinyan təmas xəttində erməni əsgərlərlə selfi çəkdirərək, “Adımız Ermənistan ordusudur” şüarı ilə virtual aləmdə car çəkdi. Onun bu addımı da daxili auditoriyaya yönəlib. Lakin təcrübə erməni rəhbərliyinin təmas xəttinə gəlişinin təxribat hücumları ilə yadda qaldığını deməyə əsas verir. Hətta “demokratiya bayrağı” altında hakimiyyətə gələn Paşinyanın cəbhəyə səfərləri də təxribat seriyasından fərqlənməyib. Bu ilin may ayında myeni müdafiə naziri David Tonoyanla xarici işlər naziri Zoqrab Mnasakanyanın Naxçıvan sərhədinə gəlişi bunun bariz nümunəsidir.

Təcrübəyə əsaslansaq, Paşinyanın təmas xəttində çəkdirdiyi selfinin yeni təxribatlar seriyasının ilk kadrlarından olduğu ehtimalı üzərində dayana bilərik. Bu, səbəbsiz deyil.

Burada Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT sədri ilə görüşündə səsləndirdiyi “Ermənistanda indi müşahidə etdiyimiz yetərincə gərgin daxili təbəddülatlar bitməyinədək bu böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin dolğun həllinin konkret variantlarına dair ciddi müzakirələr aparmaq çətin mümkün olsun” sözləri yada düşür.

Lavrovun açıqlaması danışıqlar prosesinin günahkarının Ermənistan olduğunu açıq şəkildə göstərməkdir. Lakin bu fikirləri belə də oxuya bilərik: həmsədr ölkələr Ermənistanda daxili siyasi vəziyyəti nəzərə alaraq, danışıqlar prosesinin dayanmasını normal hesab edirlər; Rəsmi Bakı da indiki şəraitdə bunu anlayışla qarşılayır; Yəni Paşinyan daxildə istədiyi seçkini keçirəcək, taxtının mıxlarını bərkidəcək, sonra danışıqlar masasına gələcək; Ona qədər, yəni dekabrda keçiriləcək seçkiyə və ondan bir neçə ay sonraya qədər gözləmək olar; Mümkündür ki, Paşinyan vaxt istəyib və bunun əvəzinə danışıqlar masasına konstruktiv mövqe sərgiləyəcəyi sözünü verib;

Paşinyan da anlayır ki, ona seçkini keçirməyə icazə verilibsə və daxili auditoriyanı ələ almaq üçün Qarabağla bağlı absurd iddialarına göz yumulursa, danışıqlar masasına həll prosesinin tərəfdarı kimi gəlməlidir. Və onun masaya əyləşməsi erməni qoşunlarının ən azından Qarabağ ətrafındakı rayonlardan çıxarlması ilə nəticələnə bilər. Hətta buna razı olmasa belə təzyiqlərin qarşısında duruş gətirə bilmək təhlükəsi mövcuddur.

Masadan qaçmağın yalnız bir yolu var: Qarabağda müharibə.

Müharibə Paşinyana daxili problemlərin unudulması, verdiyi iqtisadi vədlərin bir kənara atılması, bir lider olaraq daha da güclənməsi, ən asas da danışıqlar masasında qaçmasına kömək edə bilər. Digər tərəfdən, ABŞ-İran qarşıdurması fonunda Qarabağda, yəni İran sərhədlərində baş verəcək müharibə regionda ciddi qarışıqlığa səbəb ola bilər, eləcə də Vaşinqton anti-İran planları fonunda müharibəni davam etdirməsi üçün Ermənistana bu və ya digər formada dəstək verə bilər. Və Paşinyan müharibə planını məhz seçkidən sonra, çox güman ki, yaz aylarına saxlayacaq. Erməni politoloq Aleksandr İskəndəryanın “Yazda Qarabağda eskalasiya ola bilər” açıqlaması da bu kontekstdə diqqət çəkir.   /Publika.az/