Paşinyanın Türkiyə arzusu: ABŞ o zaman kömək edəcək ki…

Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanda bu gün siyasi, iqtisadi, sosial, diplomatik və hərbi böhran yaşanır. Bu reallıq fonunda Azərbaycan daha da güclənməkdədir. Ölkəmizin hərbi gücü durmadan artır. Cənab Prezidentin öz çıxışında da qeyd etdiyi kimi, hərbi gücün artması danışıqlar prosesinə müsbət təsir göstərir. Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü keçiriləcəyi təqdirdə Ermənistan kifayət qədər zəif statusda həmin görüşə qatılmaq məcburiyyətində qalacaq.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, ölkə başçısı noyabrın 5-də Ağdamda Muğam Mərkəzinin açılışı zamanı maraqlı nüanslara toxunub:

“Cənab Prezident bu çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində son vəziyyətin necə olması ilə bağlı suala aydınlıq gətirdi. Prezidentin də qeyd etdiyi kimi, Ermənistanın işğalçılıq siyasəti bu gün tam iflasa uğrayıb. Ermənistanda baş verən hakimiyyət dəyişikliyi bunun birbaşa təsdiqidir. Azərbaycanın Ermənistana münasibətdə tətbiq etdiyi, dərinləşməkdə olan təcrid siyasəti öz səmərəsini verməkdədir. Azərbaycan ilk növbədə göstərdi ki, münaqişəni hərbi yolla da həll edə bilər. Aprel döyüşləri bunun sübutudur. Biz Aprel döyüşlərindən sonra minlərlə heytar ərazini geri aldıq. Naxçıvanda aparılan əməliyyatlar nəticəsində də 10 min hektardan çox ərazi ordumuzun nəzarətinə keçdi. Yəni Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, münaqişənin dinc yolla həllində maraqlı olsa da, məcbur olduğumuz təqdirdə əks həmlə ilə hərbi yolla da öz ərazi bütövlüyümüzü təmin etmək iqtidarındayıq”.

Millət vəkili qeyd edib ki, son zamanlar münaqişənin tənzimlənməsi ilə bağlı həmsədrlərin bölgəyə səfəri olsa da, xarici işlər nazirləri və ya dövlət başçıları səviyyəsində hər hansı bir görüşün yaxın zamanlarda keçirilməyəcəyi indidən bəllidir:

“Bu, Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Yalnız 2019-cu ildən başlayaraq, münaqişənin tənzimlənməsi istiqamətində Ermənistan siyasi rəhbərliyinin hansı siyasət yeridəcəyi bəlli olacaq. İlham Əliyev Ağdamda çıxışı zamanı da vurğuladı ki, yeni Ermənistan hakimiyyəti köhnə hakimiyyətin səhvlərindən nəticə çıxarmalıdır. Ermənistan siyasi rəhbərliyi ilk növbədə Azərbaycan torpağını işğaldan azad etməli və bizim məcburi köçkünlərimizin öz doğma, tarixi və əzəli torpaqlarına qayıdışını təmin etməlidir. Bu baş verməyəcəyi təqdirdə onda Azərbaycan istənilən variantdan istifadə etmək hüququna malikdir”.

Millət vəkili vurğulayıb ki, bu reallıqlar fonunda beynəlxalq aləmdə baş verən proseslər də Ermənistanın imkanlarını xeyli məhdudlaşdırır:

“Birincisi, bu onda öz əksini tapır ki, noyabr ayının 1-də Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan parlamentdə çıxışı zamanı yaxın zamanlarda Ermənistanın 4 istiqamətdən blokada vəziyyətinə düşməsini də istisna etmədi. Geosiyasi vəziyyət baxımından Ermənistanın İranla sərhədləri bağlana bilər. Gürcüstanla isə 2 səbəbdən sərhədlərin bağlanması mümkündür. İlk növbədə hava şəraiti, eyni zamanda, geosiyasi səbəblərdən dolayı Ermənistanın Gürcüstanla sərhədləri bağlana bilər. Yəni artıq ölkənin baş naziri də etiraf edir ki, Ermənistanı qarşıda daha ağır, çətin günlər gözləyir. Bu halda birdən-birə Paşinyan Türkiyə ilə sərhədlərin açılması məsələsini gündəmə gətirib. Erməni ekspertləri bu məsələ ilə bağlı öz fikirlərini irəli sürür ki, Paşinyan Boltonla danışıqlardan sonra belə qənaət hasil olub ki, İranla sərhədlərin bağlanması qarşılığında ABŞ-ın Türkiyəyə Ermənistanla sərhədləri açması üçün təzyiq göstərməsini istəyib. Yəni bir az da açıq desək, erməni ekspertlərin gəldiyi nəticəyə görə, Paşinyan İranla sərhədi bağlayıb, Türkiyə ilə sərhədlərin açılması üçün ABŞ-dan istifadə etmək istəyir. Lakin bilirsiniz ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin son İstanbul bəyannaməsində də qeyd olundu ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. İran da bu məsələdə Azərbaycanın mövqeyini birmənalı şəkildə təsdiqləmiş oldu. Bu vəziyyət də Paşinyanın məlum davranışını və “təhlil”lərini şərtləndirən əsas amillərdən birinə çevrildi”.

Millət vəkilinin sözlərinə görə, danılmaz həqiqət bu gün Ermənistanın bütün istiqamətlərdən küncə sıxılmış vəziyyətdə olması ilə bağlıdır:

“Avropa İttifaqının Ermənistana əvvəlki inamı yoxdur. Bunu onun Ermənistana ayırdığı vəsaitin əvvəlki illərdəkinə nisbətən azalmasında da görə bilərik. Əvvəllər ayrılan 7 milyon avronun əvəzində bu il Ermənistana 3 milyon avro ödənildi. Rusiyanın Ermənistana münasibəti kifayət qədər soyuq təsir bağışlayır. Xüsusilə də Xaçaturovun məsələsi ilə bağlı vəziyyət ikitərəfli münasibətləri daha da gərginləşdirib. Noyabr ayının 8-də KTMT-yə üzv olan dövlətlərin başçılarının görüşündə Ermənistan cidd-cəhdlə çalışır ki, Xaçaturovu başqa erməni generalla əvəzləsin. Lakin son məlumatlara görə, bu məsələnin dəstəklənməsi ehtimal olunmur. Eyni zamanda, ABŞ-dan da Ermənistana ciddi təzyiqlərin olması Boltonun səfəri zamanı meydana çıxdı”.