Amaliya Pənahovanın son sözləri və ölüm səbəbi: “Özümüzü elə aparırdıq, sanki xəbərimiz yoxdur“ – AÇIQLAMA

Az əvvəl xəbər verdiyimiz kimi xalq artisti, məşhur aktrisa Amaliya Pənahova dünyasını dəyişib.

Turkustan.info bildirir ki, A24.Az xalq artistinin ölüm səbəbi barədə rəhbəri olduğu Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova ilə əlaqə saxlayıb.

Əməkdar artistin verdiyi məlumta görə Amaliya Pənahova teatrın əməkdaşları ilə son dəfə 15 gün əvvəl görüşüb. “Şanlı vətən” tamaşasının məşqləri zamanı teatra gələn xalq artisti əməkdaşlara uğurlar arzulayıb: “Mən tamaşanın premyerasından sonra Amaliya xanıma zəng etdim. Həmkarlarımızın, tamaşaçıların tamaşa ilə bağlı fikirlərini onunla bölüşdüm. Amaliya xanım premyerada iştirak etməyi çox istəyirdi. Son dəfə dedi, “26 ildə ilk dəfədir ki, premyeraya qatıla bilmədim”. Bu onunla son danışığımız oldu. Uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi. Amma özümüzü elə aparırdıq ki, guya xəbərimiz yoxdu. Qorxurduq ki, ürəyinə toxunar”.

Qeyd edək ki, Amaliya Pənahova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bəlli olub. Xalq artisti xəstəliyi ilə mübarizəsini geniş kütlədən gizləyib.