İnqilab lideri Ermənistanı uçuruma aparır

Ermənistanda vəziyyət  gərgindir. Artıq ölkə  KİV-ləri də bunu geniş şəkildə işıqlandırır.

Beynəlxalq siyasətçilər işğalçı ölkədəki vəziyyətdən narahatlıqlarını dilə gətirirlər.  Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Amerikanın səsi” radiosuna müsahibəsində Ermənistandakı real vəziyyəti bu cür şərh edib:

“Ermənistanın mürəkkəb coğrafi vəziyyətini anlayışla qarşılasaq da, regionun vəziyyətinin qeyri-sabitliyindən də narahatıq”.

Ermənistanda real durum bundan ibarətdir. Maraqlıdır, Ermənistan hərbi-siyasi rəhbərliyi niyə bunu qəbul etmir?

Hərbi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə şərhində Ermənistanın “başsız” qaldığını deyib: 

“ABŞ kimi böyük bir dövlətin siyasətçiləri, real vəziyyəti təhlil edən institutları perspektivdə baş verə biləcək hadisələri araşdırırlar. Onlar yaxşı bilirlər ki, Ermənistanla bağlı məsələ yaxşılığa doğru getmir. Ermənistanda vəziyyət getdikcə qəlizləşir, problemlər daha da dərinləşir. Baxmayaraq ki, Paşinyan çox ustalıqla Ermənistan daxilində bəzi fikirlərini həyata keçirməyə müvəffəq olur. Amma Paşinyan dərin siyasətçi deyil, onun dövlət idarəçiliyində təcrübəsi yoxdur. ABŞ isə hələlik Ermənistanla bağlı konkret qərar verə bilmir. Doğrudur, bəziləri hesab edir ki, Paşinyan Qərbin adamıdır və Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa cəhd edir. Belarus prezidenti Aleksandr Lukaşenko deyir ki, ölkəsində Rusiya bazaları olmayacaq. İndi erməni mətbuatı yazır ki, Belarus kimi Rusiyaya yaxın bir ölkə bunu edirsə, niyə rus hərbi  bazaları Ermənistanda olmalıdır?  Ermənistanda nələrin baş verəcəyini isə yaxın zamanlarda görəcəyik. İlin sonuna qədər Ermənistanın daxilində çox böyük narazılıqlar baş verə bilər. Paşinyan bunların qarşısını almaq üçün bəyanatlar səsləndirir, Qarabağa səfər edir, zabitlərlə görüşür, əsgərlərinin ərzaq məsələsini müzakirə edir. Ötən gün Azərbaycanla birbaşa telefon danışığı məsələsi gündəmə gəldi. Doğrudur, Azərbaycan Müdafiə Nazirliyi bu məsələyə rəsmi olaraq aydınlıq gətirdi, amma bu məsələnin bəzi detallarını bilirik. Burada heç bir halda Azərbaycan-Ermənistan arasında birbaşa əlaqədən söhbət gedə bilməz. Burada vasitəçiliyi Moskva etdiyinə görə onların iştirakı ilə bəzi məsələlərdə razılığa gəlinir. Bu “ayaqüstü” razılıqdır, Ermənistan buna əməl etməyəcəksə, Azərbaycanın da uzun müddət bu razılığa əməl etmək fikri yoxdur. Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməlidir”. 

Ü.Cəfərov hesab edir ki, bu ilin sonuna qədər Ermənistanda çox ciddi problemlər yaranacaq:

“Gərginliyin əsas səbəbi isə odur ki, bu gün Ermənistanda faktiki olaraq heç parlament belə yoxdur, ölkə başsız vəziyyətdədir. ABŞ da bunu görür, amma Rusiya faktoru olduğu üçün birbaşa müdaxilə edə bilmir. Hazırda Ermənistanla bağlı Rusiya və ABŞ arasında qızğın mübarizə gedir. Bu mübarizədə Fransa, İngiltərə və Almaniya da var. Onlar çalışırlar ki, Ermənistan uğrunda mübarizədə aktiv iştirak etsinlər. Məncə Azərbaycan Ermənistandakı vəziyyətin necə olacağını gözləməli deyil. Ola bilər ki, Ermənistanda uzun müddət problemlər yaşansın. Biz oturub Ermənistanın nə zaman ağıllanacağını  gözləməli deyilik. Faktiki olaraq torpaqlarımız işğal altındadır. Belə bir yanaşmanı uğurlu saymıram və hesab edirəm ki, Azərbaycan hərbi-siyasi rəhbərliyi ATƏT-in Minsk Qrupu və digər beynəlxalq qurumlarla bu istiqamətdə işləməlidir ki, Ermənistan Azərbaycan torpaqlarından geri çəkilsin və ölkənin ərazi bütövlüyü, suverenliyi bərpa olunsun”.   /Cebhe.info/