Onlayn mediaya dövlət dəstəyi: “Mümkün qədər tez həyata keçirilməlidir”- Mətbuat Şurası

“Onlayn medianın maliyyələşməsi çox vacibdir və tez bir zamanda həll olunmalıdır”. 

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib. O qeyd edib ki, məsələni illər öncə də gündəmə gətirib: 

“Kütləvi İnformasi Vasitələrinə dövlət dəstəyi tam olaraq onlayn mediaya yönəldilsin. Çünki zaman dəyişib və yeni texnologiyalar əsrində yaşayırıq. Təbii ki, effektivlik baxımından onlayn media bütün digər media qurumlarını üstələyir. Hətta televiziya və radionu belə bu və ya digər şəkildə öz təsiri altına alıb. Azərbaycan informasiya müharibəsi şəraitində yaşayan ölkədir. Onlayn mediamızın daha səmərəli və effektiv olmasına ehtiyac var. Bu baxımından, onlayn medianın maliyyələşdirilməsi mümkün qədər tez həyata keçirilməlidir”. 

Azər Həsrətin sözlərinə görə, bu gün onlayn mediada reklam bazarının mövcud olmaması da  problemdir: 

“Onlayn medianın bolluğu şəraitində maliyyə azlığı səbəbindən keyfiyyət və digər problemlər ortaya çıxır. Məsələn, bu gün ana dilimizin onlayn mediada qorunması sahəsində çox bərbad vəziyyət var. Bundan əlavə daha keyfiyyətli jurnalistika məhsullarının istehsal olunması məsələsində də problemlər az deyil. Halbuki, əlavə maliyyə dəstəyi olarsa, bu sahədə problemlər qısa müddətdə öz həllini tapa bilər”. 

Xatırladaq ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov onlayn mediaya maliyyə dəstəyi ilə bağlı parlamentdə məsələ qaldırıb.   /Cebhe.info/