Proqramçıların sevimli müsabiqəsi başlayır

İnformasiya texnologiyaları sahəsində kreativ fikirləriniz, maraqlı ideyalarınız varsa, bu yarışma sizin üçündür! “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasına start verilir.

“Hackathon FinTech” maliyyə məhsullarını inkişaf etdirmək və yeni texnologiyaları kəşf etmək üçün proqramçıları və dizaynerləri bir araya gətirir. Müsabiqə risklərin idarə edilməsi, ticarət, investisiya, şəxsi maliyyələr, “big data”, pərakəndə bankçılıq, tənzimləmə uyğunluğu, mobil ödənişlər və sosial sahədəki yenilikləri əhatə edir. Artıq ölkəmizdə altıncı dəfə təşkil olunan “Barama Hackathon” müsabiqəsində iştirakçılar 36 saat ərzində proqramlaşdırmaq, öz ideyalarını həyata keçirmək və məhsullarını münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcəklər.

Müxtəlif təcrübə və bacarıqlara malik 50 iştirakçı 24-25 noyabr 2018-ci il tarixdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində 3 nəfərdən ibarət komandalar şəklində bir araya gələrək müxtəlif sahələrdə mövcud problemlərlə bağlı həllər hazırlayacaqlar. 15 yaşdan yuxarı və texniki biliklərə malik olan hər kəs 21.11.2018-ci il tarixinə qədər http://hackathon.barama.az/ saytında qeydiyyatdan keçib, yarışmada iştirak edə bilər. Müraciət edən şəxslərə elektron poçt vasitəsilə təsdiq məktubu göndəriləcək, iştirakçılar müsabiqəyə qoşulmaq üçün məktuba cavab olaraq öz iştiraklarını təsdiq etməlidirlər.