ŞAİR DOSTUM RÜBAİLİ ANANDA

Sağ olsun Rəşid müəllimi, şair-alim dostum Rəşid Təhməzlini deyirəm. O, mənə dostum Rübailin xatirə kitabını gətirdi. Kitabı vərəqlədikcə şair dostum Rübaillə bağlı xatirələr yadıma düşdü, məni tərpətdi. Bu hiss-həyəcanların təsiri ilə qələmi götürdüm.

Yadımdadır, bir dəfə Gəncəyə gedəndə Rübaillə rastlaşdım. Onunla görüşüb hal-əhval tutandan sonra dedi:

– Yaxşı vaxtda görüşdük, bir az ətraflı söhbət eləyə bilərik?

– Əlbəttə.

Dostum məni ilk dəfə görürmüş kimi bir neçə dəfə nəzərdən keçirib dedi:

– Sən bizim bu Gəncəni nə vaxtdan sevməyə başlamısan? Bu sevgi səndə hardandı?

– Mən bu İmam Hüseyn şəhərini – gəncəlilərin çoxu belə deyir, elə bizim tərəfin – ağbabalıların da yaşlıları bu ifadəni işlədirlər, hələ 10-11 yaşımdan görüb tanımışam. Elə o vaxtdan bu sevgi məni göylərə qanadlandırıb. Təsəvvür edin, bizim tərəfdən Gəncəyə qədər, yəni neçə yüz kilometr yolu maşının banında gəl­mişik… O vaxtlar kənd yerlərində avtobus yoxudu, bir neçə yük maşını vardı. Beş-altı ailə ərizə ilə sovxoz rəhbərliyindən Gəncəyə, İmamzadəyə ziyarətə getmək üçün icazə almışdılar. Bu ziyarət də adi yük maşını ilə gerçəkləşəcəkdi. Maşının banına rahat olsun deyə ot, bir neçə yorğan qoyulmuşdu. Ordakı uşaqlardan biri də mən idim. Bəli, bu uzaq yolu qət edib, gəlib Gəncəyə çatdıq. Orada qurban kəsib, nəzir qoyandan sonra bizi bir orta yaşlı kişi qonaq apardı. Onun həyat yoldaşı, uşaqları bizə elə mehribanlıq göstərdilər ki, bu mənə çox güclü təsir göstərdi – deyə nənəmə dedim:

– Ay nənə, deyəsən bu əmi (ev saibini deyirdim) bizim qohumlardandı, eləmi?

Nənəm gülümsündü:

– Yox, bala, bu bizim qohum deyil, amma gəncəlilərin hamısı olduqca qonaq­pərvər adamlardı. Bu mehribanlıq da onların canlarındadır. Bir də a bala, görmür­sənmi bu yerin havasını, təbiətini. Belə yerdə yaşayanlar da belə saf və təmiz ola­caqlar da.

Daha sonralar bir neçə dəfə Gəncəyə İmamzadəyə ziyarətə gəldim. Elə o əvvəlki vəziyyətdə, yəni yük maşınının banında. Hə, elə o vaxtlardan Gəncə şəhə­rinə sevgim də günü-gündən artdı, məni dəfələrlə bu gözəl şəhərə gəlməyə məcbur etdi, gözümü-könlümü oxşadı. Yeri gələndə də mənim qolumdan tutub Gəncəyə gətirdi, şəhəri gəzdirdi, xoş düşüncələrə qərq etdi.

Mən söhbətimi bitirib şair dostumun üzünə baxanda onun üzünün nurunun artdığını, gözlərindəki parıltının bir az da gücləndiyini gördüm. Məni bərk-bərk qucaqladı:

– Düz deyirsən, Gəncə gözəl, qədim şəhər, unudulmaz yerdi.

Sonra dostum dalbadal bir neçə şeir dedi. Məni duyğulandırdı dostum. Bəli, xəyallardan ayrılıb yenə Rübail haqqında işıq üzü görən xatirə kitabına baxıram. Şairin yaradıcılığından kifayət qədər şeirlər verilib.

Mən sadəcə burada bu xatirə kitabının təsiri ilə düşüncələrimi qələmə aldım, amma bu kitab haqqında ayrıca bir yazı yazmaq fikrindəyəm. Bu daha çox şair dostum Rübaili anmağımla bağlıdır. Çünki bu kitabda neçə-neçə dəyərli elm, sənət adamlarının dostum Rübailin barəsində ürək sözləri var.

Tacir SƏMİMİ,

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent