Azərbaycanda orqan bankı yaradılacaq – Yeni qanun layihəsi – VİDEO

Azərbaycanda orqan bankı yaradıla bilər.
Turkustan.info xəbər verir ki, bu barədə məlumatı millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov Medicina.az-a müsahibəsində deyib. 
Onun sözlərinə görə bu bank yaradıldıqdan sonra qaracaiyar, böyrək transplantasiyasıyla yanaşı, ürək köçürməsi prosesi də reallaşa bilər: 
“Böyrək və qaraciyərdən fərqli olaraq, ürək elə bir orqandır ki, onun bir xəstədən başqa bir xəstəyə köçürülməsi üçün digər insanın beyin ölümü keçirməsi lazımdır. Çünki bu gün böyrək transplantasiyasında bir qohum, yaxın öz orqanını xəstəyə verir. Yaxud qaraciyər transplantasiyası zamanı qaraciyərin bir parçası götürülür. Bu gün tibb göstərir ki, normal keçən əməliyyat zamanı  bu orqanların verilməsi insana heç bir problem yaratmır. Amma ürək köçürülməsi üçün beyin ölümü olmalıdır. Əslində, Milli Məclisdə, parlamentin Səhiyyə Komitəsində davamlı şəkildə müzakirəyə çıxarılan insan orqan və toxumalarının transplantasiyası haqqında qanun layihəsində əsas məqam cərrahi olaraq Azərbaycan səhiyyəsinin bu işi görüb-görməməsi ilə əlaqədar deyil. Burada məsələ həyatını itirmiş insanların orqanlarını alaraq orqan bankı yaradılması və ehtiyacı olan vətəndaşlara köçürülməsidir”.
Millət vəkili bildirib ki, bu məsələnin yeallaşması, nəzərdə tutulan mexanizmin işlək olması üçün təkcə qanunvericiliyin, maddi-texniki bazanın yaradılması kifayət etmir: “İstər dünya  fəlsəfəsinə, istərsə də dinlərə baxdığımız zaman həyatını itirən bir insanın orqanlarını bağışlamasına əngəl olan düşüncə tərzi yoxdur. Hətta “Quran”da surə var ki, bir insana həyat verəcək bir addım bütün bəşəriyyəti xilas etməyə bərabərdir. Bu gün islam ölkələrinə baxırıq, beyin ölümü keçirən insanlardan ürək köçürmələri ilə bağlı bir problem yoxdur. Bu gün Azərbaycan cəmiyyətində həyatını itirmiş və ya reanimasiyada beyin ölümü keçirmiş insanın orqanının bağışlanması ilə əlaqədar məsələ həm də cəmiyyətin psixoloji məsələsidir”.
R.Mahmudov məsələ ilə bağlı Azərbaycan mətbuatının üzərinə də müəyyən işlərinin düşdüyünü düyib: “Biz də bu cəmiyyətin üzvləriyik. Düşünürəm ki, biz bəlkə də KİV-lərdə yetərincə məlumat verə bilmirik. Bir insanın bir gün yaxınını itirməsi qaçılmazdır və hər gün hamımızın qarşısına çıxır. Həkimlər və tibb müəssisələri bu halla üzləşmiş ailələrlə həyatını itirmiş və ya beyin ölümü yaxınlarının orqanlarından bir neçə insanın yaşaması üçün istifadə edilə biləcəyi barədə söhbət etməyə cürət belə edə bilmirlər. Cəmiyyət içərisindən baxdığım zaman əsas problemlərdən biri budur. Bunun olması üçün əslində, biz həmin anda deyil, KİV-lər vasitəsilə öncədən cəmiyyətə sağlam bir şəkildə çatdırmalıyıq. Məsələlərə həm peşəkar, həm dini, həm ictimai baxımdan problemə aydınlıq gətirməliyik.
15 il Türkiyədə təhsil aldığım və fəaliyyət göstərdiyim dövrdə qardaş ölkədə bu işin necə vüsət tapdığının şahidiyəm. “Eurotrans” adlanan və bütün statistikanın olduğu bir portal var. O portalda səhiyyənin real dəyərləri verilir. Təxminən 3 il Türkiyənin Ağ dəniz regionu transplantasiya  və bu sahədə aparılan işlər üzrə Avropada lider oldu. Bu, nə ilə bağlı idi? 5-10 il əvvəl proqram başlamışdı. Bu proqramla əvvəlcə illərlə insanlar maarifləndirildi, kadrlar yetişdirildi, sistem quruldu. Çünki bu, tək bir cərrahın görəcəyi iş deyil. Sistematik bir şəkildə orqan və toxuma transplantasiyası koordinasiya mərkəzlərinin iştirakı ilə həyata keçirilir. Əslində orqan bankı elə qan bankı kimidir. Biz hər birimiz orqan bankının yaradılması üçün bütün gücümüzü qoymalıyıq. Bəlkə bu gün nəslimizdə ehtiyac yoxdur. Amma bu gün olmasa belə, bu sistemin formalaşması ənənə halına gəldiyi zaman 100 il sonra övladlarımızın birinin ehtiyacı olan məqamda o sistemdəki orqandan, orqan bankından çox rahat şəkildə istifadə edə bilsin. Ona görə bunun adı orqan bankıdır. Yeni qanun çərçivəsində sistem formalaşdıqda orqan bankı yaranacaq.           
Yeri gəlmişkən, ABŞ-da orqan transplantasiyası ən yüksək şəkildə qurulub. Buna baxmayaraq,  ABŞ-da həyatını itirmiş və beyin ölümü keçirmiş insanlardan tədarük edilən orqanlar ehtiyacı olan xəstələrin cəmi 15-20 faizinə çatır. Əslində dünyada beyin ölümü ürək transplantasiyası üçün vazkeçilməz məqamlardan biridir. Bir ölkədə orqan transplantasyiası ilə bağlı sistem tam qurulan zaman qaraciyər və böyrəklə bağlı ehtiyacın 20 faizini qarşılaya bilər. Yerdə qalan ehtiyac qohum və yaxınlar hesabına ödənilir. Çünki xəstə, ailəsi üzərində əməliyyatın maddi yükü olmadığı, icbari tibbi sığorta ödəməni etdiyi zaman ailənin üzərində sadəcə, bir orqanı verməkdən başqa bir yük qalmır. Əslində bu halda donor bankı avtomatik ailə və nəsil olur. Nəsillər də 80 faiz öz problemini özü həll edir. 
Yeri gəlmişkən, əslində Azərbaycan qanunvericiliyində qohum olmayan, kənar insanların xəstələrə orqan verməsini tam əngəlləyən bir maddə yoxdur. 2009-cu ildə biz ekspertlərlə böyük bir tədbir keçirdik və orada bəlli oldu ki, buna əngəl yoxdur.  Ancaq əngəlin olmaması xəstəxanaların belə əməliyyatları edə biləcəyi anlamına gəlmir. Həkimlər və xəstəxanalar özlərini sığortalamaq istəyir. Bu problemin həlli istiqamətində  bir çox Avropa ölkələrində bəlli müddətdə olan bir metod vardı. Söhbət çarpaz transplantasiyadan gedir. Bu, nə deməkdir? Eyni gündə iki xəstə böyrək transplantasiyası ilə bağlı xəstəxanaya müraciət edir. Anası, qardaşı, bacısı xəstəyə orqan verməyə hazırdır, amma heç birinin orqanı uyğun deyil. Uyğun olmadığı zaman onlar çarəsiz qalır. Əgər başqa insandan xəstəyə orqan köçürülməsinə həkim və xəstəxana da icazə vermirsə, insanlar üçün çox ağır psixoloji məqam yaranır. İkinci bir ailə də xəstəxanaya eyni vəziyyətdə gəlir. Mircəlal Kazıminin həyata keçirdiyi əməliyyatlar içərisində ailələr üçün sevindirici olan belə hallar var. O xəstələr  və ailələri xəstəxanada olarkən məlum olub ki, anası öz balasına orqan vermək istəyir, uyğun deyil, amma digər xəstəyə uyğundur. Digər ailədən də bu xəstəyə orqanın uyğun olduğu ortaya çıxıb. Bu dəfə hər iki ailənin və hər iki xəstənin iştirakı ilə belə bir qərar verilir ki, eyni gündə əməliyyat keçiriləcək, sadəcə, birinin valideyni digərinə, digərinin valideyni o birinə öz orqanını hədiyyə edəcək. Bu, rəsmiləşdirilərək notariusdan keçirildikdən sonra humanist addım atıldı. Bu, əslində dünya səhiyyəsində istifadə edilən metodlardan biridir.  Biz buna çarpaz orqan bağışlanması deyirik. 
Düşünürəm ki, gələcəkdə həm orqan bankı, həm də çarpaz orqan bağışlanmasından istifadə etməklə orqan transplantasiyasına ehtiyacı olan xəstələrin böyük bir hissəsinin problemi həll oluna bilər. Eləcə də icbari tibbi sığorta və transplantasiya ilə əlaqədar xüsusi dövlət proqramının dövriyyəyə girməsi, maddi və maliyyə problemlərinin həll olunması ilə gələcəyə daha ümidlə baxa bilirik. Əslində Azərbaycan dövləti və səhiyyəsi bununla yeni 100 ilə qədəm qoyur”.