Bayrağımız haqqında BİLMƏDİKLƏRİMİZ

Azərbaycan Dövlət Bayrağının eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir.

Turkustan.info xəbər verir ki, həmçinin bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslam inancını tərənnüm edir. 

Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyli yazırdı:“Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir”.

Qeyd edək ki, bayraqda əks olunan rənglərin mənası məlum olsa da ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur. Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçmişdir.

Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddialara görə isə 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlar, türkmənlər) ulduzun 8 guşəsində əks edilib.   /Cebhe.info/