Bakıda yağış, rayonlarda qar, sulu qar yağacaq – XƏBƏRDARLIQ

Ölkə ərazisində noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 12-15° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcəyi ehtimal olunur.  /Oxu.Az/