ADAU-da Konstitusiya günü ilə əlaqədar konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasında Azərbaycan Konstitusiyası dövlətçiliyin əsas meyarıdır adlı elmi nəzəri konfrans keçirilib.

Konfransı kafedra müdiri, professor Azad Bayramov açıb,  bildirib ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Baş müəllim Sevda Abdullayeva, tələbələrdən Nurdanə Əhmədova, Pöyal Bağırov, Elxan Babayev və başqaları çıxışlarında  bildirib ki, Konstitusiyanın qəbulundan sonra respublikada bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqqlarının təmin olunmasında əhəmiyyətli dəyişikliklər baş verib. Vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün mühüm işlər görülüb.