Azərbaycanda toyuq əti bahalaşacaq? – AÇIQLAMA

Nazirlər Kabinetinin 8 noyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycana idxal edilən toyuq ətinin (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş, hissələrə ayrılmamış, dondurulmuş, sümüklü, sümüksüz cəmdək hissələri, döş əti və onun parçaları, dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları) 1 kiloqramı üçün tətbiq edilən 1 dollar, toyuq və digər ev quşlarının 1000 ədədinə tətbiq edilən 100 dollar idxal gömrük rüsumunun müddəti 2019-cu il dekabrın 15-dək uzadılıb. Əgər bu qərarın müddəti uzadılmasaydı, toyuq və toyuq ətinə daha aşağı, yəni gömrük dəyərinin 15 faizi həcmində gömrük rüsumu tətbiq olunacaqdı.
Bəs toyuq və toyuq ətinə daha yüksək idxal gömrük rüsumunun tətbiqinin müddətinin 1 il uzadılması nə ilə əlaqədardır? 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramov BakuPost-a açıqlamasında bildirib ki, hökumətin bu qərarı Azərbaycanda quş əti istehsalının artması ilə bağlıdır. 
İqtisadçı ekspert nəzərə çatdırıb ki, rəsmi statistikaya əsasən 2018-ci ilin 8 ayı ərzində Azərbaycanda  5400 tona yaxın ət istehsal olunub. Bu da 2017-ci ilin anoloji dövrü ilə müqayisədə 45 faiz artım deməkdir. Eyni zamanda bu ilin 8 ayında 1100 ton artıq quş əti istehsal olunub: “Yüksək idxal gömrük rüsumunun saxlanılması birbaşa quş əti istehsalının artması ilə bağlıdır. Hökumət çalışır ki, yerli məhsullar xarici məhsullarla rəqabət apara bilsin. Güman olunur ki, qərara əsasən müddətin 1 il uzadılması xarici məhsulların qiymətinə təsir göstərəcək. Amma burada məqsəd tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, Azərbaycanda quş əti istehsalı istehlakdan daha çoxdur. O baxımdan hökumət ölkəyə ucuz quş əti daxil olmasını gömrük siyasəti ilə məhdudlaşdırır. Amma son qərar yerli quş ətinin qiymətinə təsir göstərməməlidir. Çünki ölkədə istehsal edilən məhsulun xərcində hər hansı dəyişiklik yoxdur, bu, qiymət artımına səbəb olmamalıdır. Əgər qiymət artımı olacaqsa, bu, süni qiymət artımı olacaq. Nazirlər Kabinetinin son qərarının yerli istehsal məhsulunun qiyməti ilə heç bir əlaqəsi yoxdur”.