Cocuq Mərcanlıda əsgərlərlə Bayraq bayramı – FOTOLAR

9 noyabr Bayraq Günü ilə bağlı Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin təşəbbüsü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin və Ortaq Dəyərlər İB-nin təşkilatçılığı ilə bir qrup ictimaiyyət nümayəndəsinin 2016-cı ilin aprelində düşməndən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanı kəndinə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri Babək İsmayılov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, şəhid atası Allahverdi Əliyev, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal, Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri Seymur Verdizadə, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İB-nin sədri Şəmistan Əlizamanlının təmsil olunduğu nümayəndə heyəti bölgədəki N saylı hərbi hissədə olublar.

Hərbi hissədə əsgər və zabitlərlə keçirilən görüşdə mühüm dövlət atributlarından olan bayrağın xalqımızın istiqlal tarixində, mlli, ideoliji düşüncəsindəki yeri və rolu, vətənpərvərliyin təbliğindəki önəmi qeyd olunub.

Bildirilib ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi uğrunda aparılan mübarizədə ideoloji qürur mənbəyimizdir. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Ordusu bu gün üçrəngli bayrağımızı işğal olunmuş torpaqlarımızda dalğalandırmağa qadirdir. Lələ Təpə yüksəkliyində Azərbaycan bayrağının dalğalanması buna sübutdur.

Bədii hissə ilə davam etdirilən tədbirdə milli mahnıların ifaçısı Şəmistan Əlizamanlı çıxış edib. Xidmətdə fərqlənən əsgərlərə nümayəndə heyəti adından qol saatı hədiyyə edilib.