Uşaqlara peyvənd lazımdırmı?

İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri Lev Levit körpələrə vurulan peyvəndlərin uşaqları şikəst edə bilmə riski daşıdığını deyib.

Onun və bir çox avropalı mütəxəssislərin fikrincə, peyvəndlər uşaq orqanizmində sərt reaksiyalara səbəb ola, öskürək, qızdırma, qıcolma ilə müşayiət oluna bilər. Bu və bənzər fikirlər isə insanlarda səbəsiz qorxular yaradır. Valideynlər nə etməlidir? Uşaqlara peyvənd vurulmalıdır, yoxsa yox ?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, bu gün ölkədə istifadə edilən peyvəndlərin böyük əksəriyyəti Avropa ölkələrindən gətirilir və Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir:

“Bəzən valideynlər uşaqların peyvənd hüququnu əlindən alır. İnternet üzərindən yayılan yanlış məlumatlar insanlarda ciddi qorxular yaradır ki, bunların da heç bir əsası yoxdur. Bəzən valideynlər peyvəndlərin uşaqların sağlamlığında nə dərəcədə önəmli rol oynadığını bilmir.

Bu da çox normaldır. Peyvəndlərin əsas hissəsi məhz doğum evlərində vurulur və daha sonra uşaqlar yaşadıqları ünvanların ərazi üzrə poliklinikalarına, rayon yerlərində isə tibb məntəqələrinə aparılmalıdırlar. 

Ölkəyə gətirilən vaksinlər xüsusi soyuducu maşınlarla daşınaraq innovasiya mərkəzlərinə çatdırılır. Buradan isə vaksinlər respublika üzrə tibb məntəqələrinə, klinika və xəstəxanalara paylanılır”.

Proqrama əsasən Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi aşağıdakı kimidir:

Peyvəndlərin adı:

Peyvəndlərin edilməsi vaxtı:

1.

Hepatit B

doğulduqdan 12 saat ərzində

2.

BCG, OPV

4-7 gün

3.

GDTHibHepB, OPV, Pk

2 ay
 

4.

GDTHibHepB, OPV

3 ay
 

5.

GDTHibHepB, OPV, Pk

4 ay

6.

Pk, İPV

6 ay

7.

QPM, Vitamin A

12 ay

Afaq Əliyeva onu da əlavə edib ki, son dövrlərdə ölkə üzrə peyvəndlərlə idarə edilən infeksion xəstəliklərdə artım müşahidə edilməyib:

“Bu gün yalnız suçiçəyinə qarşı peyvəndlər yoxdur və biz bu xəstəliyi idarə edə bilmirik. Dünyada bu xəstəliyə qarşı peyvənd var, lakin hazırda respublikamızda bu vaksin proqramlı şəkildə tətbiq edilmir. Bəzən özəl klinikalarda bunu vurdura bilirlər.

Bir neçə ildən bir qeyri-immun təbəqə yığılanda suçiçəyinin qeydiyyatı aparılır və ciddi artım müşahidə edilmir. Son iki il ərzində göy öskürək, el arasında “svinka” adlandırılan epidemik parotit xəstəlik qeydə alınmır. Hazırda hava yolu ilə yoluxan kəskin respirator virus infeksionlarının mövsümü başlayıb. Hələlik ciddi artım qeydə alınmasa da, epidemioloji nəzarət aparılır. 

1996-cı ildən bu günə qədər polimelit xəstəliyi üzrə, 2008-ci ildən bu günə qədər məxmərək xəstəliyi, 2010-cu ildən isə difteriya xəstəliyinə rast gəlinmir. Ümumilikdə bu, səhiyyənin uğurudur ki, bu gün ölkə ərazisində peyvəndlərlə infeksion xəstəliklərin qarşısını ala bilirik.

Peyvəndlər isə yalnız sağlam uşaqlara vurulmalıdır. Həmin an uşaqların heç bir ciddi narahatlığı olmamalı, yüksək temperatur və ya valideynin uşaqdan hər hansı bir şikayəti olarsa, əvvəl tam şəkildə həkim müayinələrindən keçirilməlidir. Allergik uşaqlara peyvəndlərin vurulması zamanı mütləq şəkildə həkim allerqoloqların icazəsi alınmalıdır. Əks təqdirdə ciddi əks reaksiyalar yarana bilər”.

Peyvəndlərin zərərləri haqqında səsləndirilən fikirlərə münasibət bildirən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev isə bildirib ki, bu yalnızca fərqli insanların şəxsi düşüncələrinin məhsuludur:

“Peyvəndlər uşaqları şikəst edə bilməz. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunan normaların tətbiqində bu günə qədər heç bir ciddi fəsad qeydə alınmayıb. Mən 45 ildir həkim işləyirəm və peyvənddən şikəst qalan uşaqla rastlaşmamışam.

Peyvəndə qarşı səsləndirilən yüzlərlə əks fikirlər eşidirik. Bu istiqamətdə polemika bitmək bilmir. Ölkə üzrə hazırda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır. 12-ci peyvəndin hazırlanması və tətbiqi üzərində danışıqlar davam etdirilir. Proses yekunlaşdıqdan və təsdiqini tapdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.