Azərbaycanda daha 135 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib. 

Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir və artıq ödəniş prosesinə başlanılıb. Prezidentin mühüm sosial önəm kəsb edən bu humanist addımına uyğun olaraq, birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunması və şəffaflığın tam təmin edilməsi şəraitində həyata keçirilir.

O bildirib ki, şəhid hərbi qulluqçuların vərəsələri Nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər: “Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur və nazirlikdəki müvafiq işçi qrupu tərəfindən həmin sənədlərin təhlili aparılır”.

Sonra komissiya daha 110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edib. 

Qeyd edək ki, Komissiyanın noyabrın 2-də keçirilmiş iclasında 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə ödəmələrin verilməsi ilə bağlı qərar qəbul olunub.    /Cebhe.info/