Gənc nəslin tariximizi bilməsi vacibdir

“Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə Milli Kitabxanada 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir qurumun “1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində reallaşıb.

Gənc nəslin tariximizi bilməsinin vacibliyini söyləyən İctimai Birliyin sədri Aygün Zamanlı deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilən bugünkü tədbirin də məqsədi budur.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı problemlərdən söz açan istefada olan polkovniklər Arif Əliyev və Hamlet İsmayılov ermənilərin törətdikləri soyqırımlardan danışıblar.

Bildirilib ki, 1918-ci ilin mart qırğınları ermənilərin və onların havadarlarının türk-müsəlman əhaliyə qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biridir. Təcavüzkar ermənilərin gözü daim qonşularının torpaqlarında olub. Onlar bu yolda heç bir cinayət, rəzillik və fitnə-fəsaddan çəkinməyiblər. XX əsrdə bolşevik-daşnak cinayətkarlarının mərhələli şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti bəşər tarixində ən qəddar cinayətlərdəndir.

Vurğulanıb ki, hər zaman fitnə-fəsadla məşğul olan ermənilər heç vaxt çirkin niyyətlərinə çata bilməyəcəklər. Bu gün Azərbaycan regionun ən güclü ordusuna sahibdir. Yaxın vaxtlarda işğal olunmuş torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında və digər işğal altında olan torpaqlarımızda dalğalanacaq.

Tədbirdə Bakının Nərimanov rayonunun 45 və 212 nömrəli məktəblərinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.