Qarabağ klanı taktikanı dəyişdi: Paşinyanın qarşısına irəvanlı çıxarılır

Ermənistanın eks-prezidenti Serj Sarkisyan dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edərək öz yerini sabiq müdafiə naziri Viqen Sarkisyana verib.Yəni Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasından deputatlığa namizədlər siyahısına Viqen Sarkisyan başçılıq edəcək.Əgər ERP seçkilərdə siyasi uğur qazanıb parlamentdə ana müxalifət funksiyasını öz üzərinə götürə bilsə, Viqen Sarkisyanın siyasi mövqeyi xeyli möhkəmlənəcək.Bu baxımdan, Viqen ERP daxilində Serj Sarkisyanın siyasi varisi kimi nəzərdən keçirilir.

Hazırda o, “məxməri inqilab”dan sonra Serj Sarkisyandan üz döndərmiş qüvvələri özünün liderliyi altında yenidən toparlamağa çalışır. ERP sədrinin birinci müavini Viqen Sarkisyan icitimaiyyətə və hakimiyyətə müraciət edərək bütün baş verənləri keçmişdə buraxmağa və gələcək naminə birləşməyə çağırıb: “Seçkilər keçmişlə bağlı ola bilməz və olmamalıdır. O, gələcəklə bağlı olmalı və bu gələcəyin qurulmasında siyasi qüvvələrin düzgün bölüşdürülməsini müəyyənləşdirməliyik”-deyə Viqen Sarkisyan özünün” facebook” səhifəsində yazıb.

Lakin onun müvəqqəti baş nazir Nikol Paşinyana müxalif olan və əsasən pərakəndə vəziyyətə düşmüş Qarabağ klanını vahid siyasi güc mərkəzinə çevirmək imkanlarına malik olması barədə dəqiq fikri seçkilərdən sonra söyləmək mümkündür.Proporsional siyahıda birinci yerin Viqen Sarkisyana verilməsi həm də hakimiyyətini və nüfuzunu tamamilə itirmiş Serj Sarkisyana siyasi varis axtarışı ilə bağlıdır.2017-ci ilin parlament seçkilərində partiya üzrə namizədlər siyahısına sabiq baş nazir Karen Karapetyan başçılıq edib. O, reytinqinə görə, Viqen Sarkisyandan üstün mövqeyə malik idi. Lakin “məxməri inqilab”dan sonra K.Karapetyanın ERP sıralarından istefa verərək Ermənistanı tərk etməsi Viqen Sarkisyana rəqib olan əsas maneələrin birinin aradan qalxmasına şərait yaratdı.Buna baxmayaraq, Viqen Sarkiyan Ermənistan cəmiyyəində Karen Karapetyandan və Nikol Paşinyandan nüfuzlu siyasətçi hesab olunmur.Xüsusilə də onun müdafiə naziri olduğu dövrdə, 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətə uğraması Viqen Sarkisyanı ciddi tənqid hədəfinə çevirdi.Həmin vaxt baş nazir Karapetyan aprel döyüşləri zamanı erməni ordusunun tanklarının dizel yanacağının oğurlanıb satılması səbəbindən hərəkət edə bilmədiyinə dair faktlar açıqlamışdı.Bütün bu məlumatlar Viqen Sarkisyanın müdafiə nazirliyi sistemində korrupsiya şəbəkəsinə rəhbərlik etdiyini aşkara çıxartdı.Ona görə də ölən erməni hərbçilərin ailə üzvləri Viqen Sarkisyanın əleyhinə etiraz aksiyaları keçirirdi.Serj Sarkisyan prezidentliyi müddətində Viqeni tutduğu vəzifədən azad etməsə də, 2018-ci ilin aprel ayında baş vermiş sosial partlayışın başlıca səbəblərindən biri Ermənistanın Müdafiə Nazirliyinin fəaliyyətinin cəmiyyətdə yaratdığı narazılıq idi.

Ancaq proporsional seçki üzrə namizədlər siyahısına başçılığın Viqen Sarkisyana həvalə edilməsi ERP-yə yeni liderlik axtarışında hələlik “ondan yaxşısı”nı tapa bilmədiklərini göstərir. 1975-ci ildə İrəvanda anadan olmuş V.Sarkisyan ermənistanlı olmaqla yanaşı, həm də Qarabağ klanına bağlı siyasətçidir.Bu baxımdan o, ermənistanlıları və Qarabağ klanını öz ətrafında birləşdirəcək siyasi fiqur kimi irəli çəkilib. Eyni zamanda, keçmiş müdafiə naziri Rusiyaya yaxın adam sayılır. Ona görə də birinciliyin V.Sarkisyana verilməsi ilə bağlı sifarişin Moskvadan gəldiyi də istisna edilmir.

Əgər ERP seçkilərdə ikinci yeri tutaraq parlamentdə Paşinyan hökumətinə qarşı ana müxalifətə çevrilə bilsə, o zaman Serj Sarkisyanın siyasətdən gedəcəyini və öz yerini Viqenə ötürəcəyini proqnozlaşdırmaq olar.ERP seçkilərdə məğlub olsa və ya cüzi səs toplasa Viqen Sarkisyana göstərilən siyasi etimad özünü doğrultmayacaq.Belə olan təqdirdə, ERP liderliyinə iddialı görünən beynəlxalq əlaqələr üzrə sədr müavini Armen Aşotyan, hazırkı vitse-spiker Eduard Şarmazanovun fəallaşacağını gözləmək olar.

“Viqen Sarkisyan Serj Sakisyanın dağılmış tərəfdarlarını, o cümlədən Qarabağ klanını yenidən vahid siyasi komandada birləşdirə biləcəkmi” sualını “Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Qabil Hüseynli belə cavablandırdı:

“Ermənistan Respublika Partiyası seçkilərə bir neçə kiçik partiyalarla ittifaq şəklində gedir.Amma respublikaçıların seçkilərdə qalib gələcəyini və hakimiyyətə qayıdacağını söyləmək çətindir.Seçkilərin favoriti açıq-aydın görünür. Bununla yanaşı, siyasi qüvvələr nisbətində dəyişiklik etməyə, Paşinyanın mümkün qədər az fərqlə qalib gəlməsini təmin etməyə çalışırlar. İrəvandakı mer seçkiləri göstərdi ki, Paşinyanın paytaxtdakı tərəfdarlarının sayı 80 faizdən artıqdır.Bölgələrdə isə vəziyyət belə deyil.Hətta uzaq dağ kəndlərində Paşinyanı tanıyan da yoxdur.Bu nöqteyi-nəzərdən, Serj Sarkisyanın Ermənistan Respublika Partiyasının namizədlər siyahısına rəhbərlik etməsi bu təşkilata heç bir üstünlük gətirə bilməzdi.Çünki Sarkisyan kifayət qədər korrupsiyaya uğramış bir adamdır. Siyasi nüfuzunu tamamilə itirmiş bir adam seçicilərin rəğbətini qazana bilməz. Viqen Sarksiyan isə Azərbaycan torpaqlarının işğalındakı döyüşlərdə iştirak edib.Həm də Ermənistanda anadan olub və Qarabağ klanına daxil deyil.Bu baxımdan, onun seçki blokuna rəhbərlik etməsi, eləcə də “qəhrəman general” imici müəyyən siyasi dividendlər gətirə bilər.Onu da qeyd edim ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində Yuri Xaçaturovun baş katib postundan geri çağırılması və bu postun Ermənistan üçün itirilməsi Paşinyana qarşı narazılıq yaradıb.ERP də bu vəziyyətdən istifadə edərək ölkədə ictimai rəyi öz xeyrinə dəyişmək və seçkiqabağı təbliğatdan istifadə edərək elektoratı öz tərəfinə çəkmək istəyir.Digər qütbdə də Çiçəklənən Ermənistan Partiyası dayanır.Onlar öz fəaliyyətlərini koordinasiya edir.Qələbə haqqında danışmaq hələ tezdir.Sadəcə olaraq, müxalifət parlamentə düşmək, blok yaratmaq və bu yolla Paşinyan hakimiyyətini məhdudlaşdırmaq xətti götürüb”.

Qabil Hüseynlinin proqnozlarına görə, başqa partiyalarla müqayisədə ERP-nin ana müxalifətə məxsus xeyli sayda mandat əldə etmək şansı daha yüksəkdir. Bu da ERP geniş maliyyə imkanlarına malik olması, Rusiyanın Qarabağ klanına dəstəyinin davam etməsi ilə bağlıdır: 

“Rusiyanın seçkilərə müdaxilə təcrübəsi kifayət qədər çoxdur. Moskvanın proseslərə qatılacağı təqdirdə, Ermənistan Respublika Partiyasının ana müxalifət postuna yiyələnməsi real görünür”.   /Cebhe.info/