Azərbaycan Dövlət Aqrar Universitetində Unibook-təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə başlandı

Azərbaycan Dövlət Aqrar Universitetində ölkəmizin qabaqcıl texnologiya şirkəti olan “Neuron Technologies” ilə müqavilə imzalandı.

 Azərbaycan Dövlət Aqrar Universiteti regionda ən böyük ali təhsil müəssisələrindən biri olaraq “Unibook”-təhsilin informasiya idarəetmə sistemini bulud platformasında istifadə edəcək və bu mütərəqqi dünya texnologiyalarına əsaslanan “Unibook”-təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə start verəcək. Müqaviləni Azərbaycan Dövlət AqrarUniversitetinin rektoru İbrahim Cəfərov və “Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzalayıb.

“Unibook”-elektron təhsil platformasının universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur.  “Unibook” elektron təhsil sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər.

Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr “Unibook”a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək.

Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Azərbaycan Dövlət Aqrar Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək.

“Neuron Technologies” şirkətinin ərsəyə gətirdiyi “Unibook”-təhsilin informasiya idarəetmə platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu sistemə üstünlük verir.  Azərbaycan şirkətinin “Unibook” təhsil informasiya idarəetmə sistemi ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq edilməklə yanaşı, həm də “made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə ixrac edilməyə başlanıb.