Vulkanların oyanması nədən xəbər verir?

“Vulkanların aktivləşməsi bizə zəlzələnin olacağı haqqında məlumat verir”.
Turkustan.info xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. A.Əliyev apardıqları tədqiqatlara əsasən qeyd edib ki, güclü zəlzələ palçıq vulkanını oyadır.
Alimin sözlərinə görə, vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Vulkanın kraterində kütlənin aktiv axıntısının olması yaxın vaxtlarda vulkana yaxın ərazidə zəlzələnin baş verəcəyini söyləməyə imkan verir:
“Bu axıntını öyrəndikdə görürük ki, qazın, suyun tərkibində bəzi komponentlər anomal şəkildə artır. Onda belə fikir söyləyirik ki, yaxın zamanda vulkana yaxın ərazidə zəif zəlzələ baş verəcək. Bəziləri hesab edirlər ki, qonşu ölkələrdə zəlzələ olanda o, bizim vulkanların oyanmasına təsir edə bilər. Lakin bunlar elmi baxımdan çox vaxt təsdiqini tapmayan fikirlərdir. Mənbələrdə qeyd edilən məlumatlara görə, 1902-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən 15 dəqiqə sonra ondan 32 km aralıda yerləşən Şıxzərli vulkanı güclü şəkildə püskürüb. Belə faktlar çoxdur, ona görə də onlara istinad etmək lazımdır. 2008-ci ildə Şirvanda, Hacıqabulda 4-5 zəlzələ baş vermişdi. Bu zəlzələlərin nəticəsi olaraq, 10 gün sonra Ayrantökən vulkanı püskürmüşdü”.
A.Əliyevin sözlərinə görə, artıq bir neçə ildir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri ilə birlikdə zəlzələ və vulkanların qarşılıqlı təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.