“Prezident məmurların harınlamağından əziyyət çəkir” – Abel Məhərrəmovun həbs etdirdiyi jurnalist danışdı

Turkustan.info bildirir ki, Yenicag.az-a bu sözləri Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspora Mərkəzinin icra Aparatının rəhbəri, “Böyük Millət” qəzetinin baş redaktoru Samir Adıgözəlli deyib.

Samir Adıgözəlli bildirib ki, Abel Məhərrəmovla düşmən olmayıb:

“Abel Məhərrəmov məni tutdurdu. Hesab edirəm ki, öz etdiyi səhvi də bilirdi. Bir neçə il öncə Abel Məhərrəmova “jurnalistlərin dostu” mükafatı veriləndə, orada demişdi ki, bir səhv etmişəm. Onun sözlərindən bəlli olmuşdu ki, söhbət məndən gedib”.

Samir Adıgözəlli Abel Məhərrəmovun onu tutdurması barəsində isə bunları deyib:

“Böyük Millət” qəzetində Abel Məhərrəmov haqqında bir yazı dərc olunmuşdu. Yazını Akademiyanın rəhmətlik müxbir üzvi Əliyar Səfərli bir yazı yazmışdı, ancaq imzasını qoymamaq şərti ilə. O yazı dərc edildikdən sonra Abel Məhərrəmov onu təhqir etdiyimi əsas gətirərək məhkəməyə müraciət etdi”.

Həbsdən çıxdıqdan sonra da onun haqqında heç nə demədiyini bildirən Samir Adıgözəlli qeyd edib ki, heç ondan da hansısa bir gediş olmadı:

“İndi baxıram, Abel Məhərrəmov haqqında çoxlu sayda insan yazır. Bəziləri ciddi yazır, bəziləri lağa qoyub yazır. Əslində ürək ağrıdan bir məsələdir. Azərbaycan adına nümayəndə heyəti xaricə gedir, orada isə başqa hərəkət edirlər. Mətbuatda məsələ ilə bağlı yazılar dərc edilir. Ataların bir məsəli var. Deyir, od olmayan yerdən, tüstü çıxmaz.

Əksinə Abel Məhərrəmovun rektor vəzifəsindən atılmasına pis oldum. Akademik, ölkənin ən önəmli təhsil ocaqlarından birinin rektoru haqqında yazılan səbəblər üzündən vəzifəsindən atıldı. Ola bilər ki, şəxsi münasibətlərdə Şeyx sənə qarşı haqsızlıq edir, ancaq nəticə etibarı ilə sən özün haqsız durumdasan. Dava-dalaş və digər məsələlərin ortaya çıxması ölkə adına xəcalətdir. Ölkə prezidenti məmurlardan, onların harınlamağından əziyyət çəkir”.

Sonda Samir Adıgözəlli bildirib ki, Abel Məhərrəmovdan bu hərəkətləri gözləməzdi.