“Bakı sakinləri ət almaq üçün rayona gedəcək”- PROBLEM

Məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyi açıq formada olan və sanitar qaydalara əməl etməyən ət satışı məntəqələrindən bəzilərinin fəaliyyətini dayandırıb.

Eyni zamanda ətin qiymətində bahalaşma müşahidə olunub. Belə ki, bir qədər əvvəl 11-12 manata satılan dana əti 13-14 manatdan təklif olunmağa başlayıb. Qeyd edək ki, ət kəsimi məntəqələrinin fəaliyyətə başlaması ilə qiymətlərin artacağı gözlənilən idi. 

Bununla belə, ətin ucuz qiymətə təklif edildiyi məkanlar da var. Bəzi marketlərdə mal əti 7 AZN, hətta 6.50 AZN-ə təklif olunur. Bu da alıcılarda şübhə yaranmasına səbəb olub. Maraqlıdır, marketlərdə ət niyə ucuzdur və bu məhsullara nəzarət varmı? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hansısa məntəqələri ləğv etməklə küçədə ət satışının qarşını almaq mümkün olmayacaq: “İnzibati yollarla bunun qarşısının alınması mümkün deyil. Çünki istehlakçılar buna tələbat yaradır. Bunun səbəbi isə istehlakçıların marketlərə və baytarlara inamsızlığıdır. Hətta bu yaxınlarda  Qida Təhlükəsizliyi Agentliyi sertifikatı olan mal əti adı altında at əti gətirilməsini aşkarladı.  Ona görə də  istehlakçılar istəyirlər ki, gözləri ilə kəsilməsini gördüyü heyvanın ətini alsınlar. Açıq formada olan ət kəsimi məntəqələrinin ləğv edilməsi bunun qarşını almayacaq. Əhali evlərə, rayonlara üz tutacaq”. 

Eyyub Hüseynov deyir ki, Nazirlər Kabinetinin 94 saylı qərarı ilə marketlərdə satılan bütün ətlər qablaşdırılmalı, onun üzərində  buraxılma tarixi, son yararlılıq müddəti, ünvanı  qeyd olunmalıdır: “Marketlərdə görürük ki, 98 faiz ətin üzərində belə markalanma yoxdur. Təəssüflər olsun ki, alıcılar küçədə satılan mallara üstünlük verirlər. Onların baytarlara, Qida Təhlükəsizliyi Agentliyinə inamları yoxdur”.

Eyyub Hüseynovun sözlərinə görə, bəzi marketlərdə ətin qiymətinin ucuz olması tələb və təkliflə bağlıdır: “İstehlakçılar marketlərdə satılan ətlərə az tələbat yaratdığına görə, qiymət aşağı düşür. Dövlət qiymətlərə müdaxilə etmir, qiymətqoyma siyasəti sərbəstdir. Buna görə də biz dəfələrlə bildirmişik ki, istehlakçılarla iş aparılmalı, onların diqqəti küçədə deyil, marketlərdə satılan ətlərə yönəldilməlidir. Bunun da mexanizmi aydındır. Qida Təhlükəsizlik Agentliyi Kütləvi İnformasiya Vasitələrində təbliğat, maarifləndirmə işi aparmalıdır”.   /Cebhe.info/