100-dən çox ölkənin südçülük üzrə göstəricisinin əks olduğu hesabatda Azərbaycanın da adı var

Südçülük sənayesində aparıcı tədqiqat şəbəkələrindən biri olan IFCN Südçülük Tədqiqat Mərkəzi 2018-ci il üçün illik hesabatını bütün dünya ölkələri üzrə açıq elan edib. Bu hesabatda IFCN təşkilatı ümumi qlobal süd istehsalının 98%-ni təmsil edən 115 ölkənin südçülük sahəsində ümumi göstəricilərinə əsasən profil məlumatlarını açıqlayıb. Hesabat bu sahədə  dəyər zəncirinə daxil olan bir sıra iqtisadi göstəricilər, o cümlədən milli süd sektorları arasında müqayisə edilə bilən, standartlaşdırılmış məlumatları əhatə edir.

Südçülük təsərrüfatları səviyyəsində, IFCN 53 fərqli ölkədə 177 tipik təsərrüfat növünü təhlil edib. Beləliklə qlobal südçülük istiqamətli təsərrüfatların iqtisadiyyatının mürəkkəbliyi sadələşdirilib. Ümumiyyətlə 2018 IFCN Südçülük Hesabatında qeyd olunmuş məlumatlar hər bir ölkənin təsərrüfat səviyyəsində informasiyanın toplanması və müqayisə edilməsi üçün məlumat əldə etmək imkanı verir.

IFCN təşkilatı hər il qeyd olunmuş ölkələrin südçülük istiqamətli iqtisadi məlumatlarını toplayaraq dünya səviyyəsində süd üzrə göstəriciləri təhlil edir və müqayisəli şəkildə illik hesabatda əks etdirir.

Hesabatda 53 ölkənin təsərrüfatı təhlil olunub, bundan əlavə 115 ölkənin müvafiq sahədə ümumi göstəriciləri müqayisə edilib. Bu ilkin hesabatın hazırlanmasında Azərbaycana dair göstəricilər Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının assistenti, kafedranın beynəlxalq əlaqələr üzrə məsulşəxsi Cəfər Cəfərov tərəfindən təmin edilib. IFCN Beynəlxalq Südçülük Tədqiqat Mərkəzinin Azərbaycan üzrə konsultantı olan C. Cəfərov ötən il ərzində Azərbaycanda südçülüyün iqtisadi göstəricilərini hesablayıb və  bu göstəricilər sözü gedən təşkilatın hesabatında öz əksini tapıb.

100-dən çox ölkənin südçülük sahəsi üzrə göstəricilərinin əks olunduğu hesabatın nəşr edildiyi topluda ölkəmizin, eləcə də universitetimizin adını və loqosunu görmək ADAU ailəsinə, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova qürur hissi yaşadıb.

Elm sahəsində dünyanın aparıcı ölkə və universitetlərinin əməkdaşlıq etdiyi bu təşkilatın hesabatında Azərbaycanın adının və bu sahədə ölkənin nəticələrinin qeyd olunması şübhəsiz ki, bu ölkələrin diqqətini ölkəmizə və universitetimizə yönəldəcək.