ADAU-nun tələbələri tariximizlə bağlı daha bir dərsi muzeydə keçib

Azərbaycan Dövlət Aqrar Universitetində müstəqillik tariximizlə bağlı mövzuların Azərbaycan Xalq Cumhuriyyəti muzeyində keçirilməsi artıq ənənəyə  çevrilib. Daha bir dərsi sözügedən muzeydə İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəhla Məmmədova keçib. Mühəndislik fakültəsinin melorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının birinci kurs tələbələri muzeydə “Azərbaycan Xalq Cumhuriyyəti” adlı mühazirə dinləyib, eksponatlarla tanış olub, canlı tarixin izləyicilərinə çevrilib. 80 dəqiqə davam edən dərs həm də diskusiya şəklində aparılıb.

Şəhla Məmmədova bildirib ki, keçirilən dərsdə Cümhuriyyət dövrünə bir daha nəzər salınıb, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilib, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilib. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər  ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

45 nəfər tələbənin iştirak etdiyi dərsdə mövzu ilə bağlı maraqlı suallar səsləndirilib və hər sual dərsi keçən müəllim tərəfindən cavablandırılıb.