Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində ‹‹Ümumdünya Uşaqlar Günü›› münasibətilə konsert keçirilib

Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun rəhbərliyi ilə geniş müşavirə keçirilib. Müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edərək idarənin tabe müəssisələrinin fəaliyyəti haqqında danışıb, problemlərlə maraqlanıb, regiona daxil olan mədəniyyət müəssisələrinin bir-biri ilə qarşılıqlı münasibətlərinin qurulması və yeni kollektivlərin, xüsusilə folklor kollektivlərinin yaradılması ilə bağlı  təklif və tapşırıqlarını verib.

Sonra Mehman Şükürov və müşavirə iştirakçıları Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbi tərəfindən ‹‹Ümumdünya Uşaqlar Günü›› (Ümumdünya Uşaq Hüquqları günü) münasibətilə keçirilən konsertə qatılıblar.

Konsertdə məktəbin müəllimlərindən ibarət ‹‹Zəminxarə›› xalq çalğı alətləri ansamblının müşayiəti ilə məktəbin xanəndə sinfinin şagirdləri Fidan Süleymanzadə və  Valeh Əsədullayevin ifalarında F.Babayevanın ‹‹Töhvə››, R.Mustafayevin ‹‹Bağlıyam›› və ‹‹Qarabağ Şikəstəsi››, xalq çalğı alətləri şöbəsinin şagirdləri ‹‹Şahsevəni›› saz ansamblının ifasında ‹‹Şahsevəni havası››, kamança ansamblının ifasında Q.Qarayevin ‹‹Yeddi gözəl›› baletindən ‹‹Aişənin rəqsi›› səslənib.

Konsertdə fortepiano şöbəsinin şagirdləri Cəmalə Əliyeva, Nuray Allahverdiyeva, məktəbin xor kollektivi, xoreoqrafiya şöbəsinin şagirdləri çıxış ediblər.

Konsertdən öncə məktəbin foyesində təsviri incəsənət şöbəsi şagirdlərinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirin sonunda məktəbin qabaqcıl müəllimləri və İstedadlı şagirdləri Sumqayıt Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti