Arifə Mirzə, 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Gənc jurnalistlər” Klubunun üzvü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Gənc jurnalistlər” Klubunun üzvləri İsmayıllı rayonunun Basqal qəsəbəsində oldular.

Prezident İlham Əliyevin 3 oktyabr 2018-ci ildə “Basqal” Dövlət tarix- mədəniyyət qoruğu haqqında imzaladığı Sərəncam tələbələrdə maraq yaratdığından onların təşəbbüsü Fond tərəfindən dəyərləndirildi. Sərəncamda Basqalın əvvəlki nüfuzunun geri qaytarılması, tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası ilə bağlı göstərişlər əksini tapıb.

Basqal İsmayıllı rayonunun qədim tarixə malik olan kəndlərindən biridir. “Basqal” toponimi türk sözü olub, hərfi mənası “bas” və “qala” sözlərinin birləşməsindən əmələ gələn “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt” deməkdir. Basqalın Qalabaşı məhəlləsi adlanan ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının hissələri bu günədək qalmaqdadır. Tarixi mənbələrdə bu qala divarlarının memarlıq abidəsi kimi XIV əsrə aid edildiyi göstərilir. Burada XVI əsrə aid olan və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qorunan çinar ağacı və hamam qalıqları da var. Hamamın yenidənqurma işləri başlasa da, sonradan onun bərpası dayandırılıb. Tikilinin arxa hissəsində qədim Basqal bazarının qalıqları aşkarlanıb.

Basqalda ipəkçilik böyük inkişaf yolu keçib, nəticədə gözəlliyi ilə gözoxşayan kəlağayılar dünya şöhrəti qazanıb. XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində kəlağayılara hədsiz maraq göstərilib. Qəsəbədə Azərbaycan “İnkişaf” Elm Mərkəzinin təşəbbüsü və Yaponiya səfirliyinin maliyyə yardımı ilə “Kəlağayı” İpək Mərkəzi yaradılıb. Kəlağayılar Basqalın keçmişinə və bu gününə öz möhürün vurub. Hazırda hər bir evdə kəlağayı dəzgahını görmək olar.

Basqalın özünəməxsus adətləri sırasında dünyasını dəyişən adamın ən yaxın qohumu tərəfindən yuyulması, xanımların uzun ətəkli don geyinmələri, kəlağayı bağlamaları bu gün də qorunur.

Sakinlər öz qonaqpərvərliyi, səmimiyyəti və istiqanlığı ilə seçilir. Kənddə daha çox yaşlı nəslin nümayəndələri yaşayır. Onlar Basqalı çox sevdiklərini deyir, kəndin keçmişi haqqında nostalji hissi ilə danışırlar.

Gənclərin bir qismi təhsil almaq üçün paytaxta və digər şəhərlərə üz tutur, bir qismi isə şəhərdə yaşayır. Ailə quran xanımların həyat yoldaşları işlə bağlı Rusiyaya və digər ölkələrə gedirlər.

Qarşılaşdığımız, görüşdüyümüz insanlar can-dildən “Xoş gəlmisiniz!” deyir, bizi evlərinə dəvət edir, süfrələrinə qonaq edirdilər. Basqal sakinləri ilə görüşümüzdə onlara ölkə Prezidenti İlham Əliyevin Sərəncamını xatırlatdıq. Təbii, xəbərləri var idi, sevindiklərini dilə gətirdilər. Basqalın əvvəlki şöhrətinin özünə qayıdacağına çox inandıqlarını bildirdilər. Elə bizi də Bakıya minnətdarlıq dolu baxışları ilə yola saldılar.   

Ölkə başçısının imzaladığı Sərəncamda əksini tapan fikirlərin mahiyyətini belə anladıq: Qala qur, Qala yarat, Basqalı yenidən ucalt…