2019-cu ilin dövlət büdcəsi: Hansı sahəyə nə qədər pul ayrılıb?

Xəbər verdiyimiz kimi noyabrın 30-da Milli Məclisin plenar iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin müzakirəsi yekunlaşıb. Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 milyard 168 milyon manat, xərclərini 25 milyard  190 milyon manat, büdcə kəsrini 2 milyard 22 milyon manat səviyyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 milyard 316 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon manatı ARDNF-dan transfertlərin, 3 milyard 702,6 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

“Cümhuriyət” xəbər verir ki, Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta Fondunun büdcəsini yekun oxunuşda təsdiqləyib.

“Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 milyard 928,1 milyon manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 milyon manat və ya 9,8 faiz çoxdur.

2019-cu ildə də Fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqlarından, sair gəlirlərdən və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olacağı nəzərdə tutulub.

2019-cu ildə Fondun xərcləri 3 milyard 928,1 milyon manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 milyon manat və ya 9,8 faiz çoxdur.

2019-cu ildə Fondun xərclərinin əhaliyə ödənişlər, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdirilən xərclər, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, müvafiq icra hakimiyyəti orqanının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri və digər xərclər istiqamətlərində icra ediləcəyi nəzərdə tutulub.

“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən, 2019-cu ildə Fondun gəlirləri üzrə 83 milyon 451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 milyon 588,6 min manat və ya 6,3 faiz azdır. Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, qeyri-büdcə sektoru və sair gəlirlər üzrə proqnozlaşdırılıb.

2019-cu ildə Fondun xərcləri 83 milyon 451,4 min manat nəzərdə tutulub. Həmin vəsait 2018-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisindən 5 milyon 588,6 min manat və ya 6,3 faiz azdır. Fondun xərcləri üzrə vəsaitlərin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünəməşğulluq tədbirlərinin təşkili, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri üzrə nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni, 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur. 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni, 32 faiz çoxdur. Bundan əlavə, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq.
Əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələn ilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Məlumata görə, 2019-cu il üçün dövlət büdcəsinin xərclərinin 9 milyard 891 milyon manatı və yaxud 39,9 faizi əsaslı xərclərə, bu məbləğin də 69 faizi və ya 6 milyard 825 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinin maliyyələşdirilməsinə, bir sözlə, iqtisadi artıma dəstək verən dövlət investisiyalarına yönəldiləcək.

Kənd təsərrüfatının dəstəklənməsi növbəti ildə də davam etdirilməklə bu sahəyə ayrılan xərclər cari illə müqayisədə 10,5 faiz artaraq 835 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Növbəti ilin dövlət büdcəsində kiçik və orta biznesin inkişafına 30 milyon manat, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması tədbirləri üçün 20 milyon manat, bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün 5 milyon manat vəsait nəzərdə tutulub.
Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlər üçün gələn ilin dövlət büdcəsindən 27 milyon manat vəsait ayrılacaq. Bu da cari illə müqayisədə 80 faiz çox deməkdir.

Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi məqsədilə dövlət büdcəsindən 63 milyon manat vəsait ayrılması da nəzərdə tutulur.

Gələn il ölkədə ehtiyac meyarının həddinin 13 manat artırılaraq 143 manata, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləğinin 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 262 milyon manat vəsait ayrılacaq ki, bu da cari illə müqayisədə 7 faiz çox deməkdir. Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən cari ildən başlanmış birdəfəlik ödənişlərin verilməsi proqramının növbəti ildə də davam etdirilməsi üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

2019-cu ildə vətəndaşların güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, hərbi qulluqçuların mənzillərlə təmin olunması, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclərə 212 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, funksional təsnifatına görə dövlət büdcəsinin xərclərində 2018-ci illə müqayisədə 2019-cu ildə səhiyyə xərcləri 41,8 faiz, təhsil xərcləri 11,3 faiz, sosial müdafiə və sosial təminat xərcləri 9 faiz, mədəniyyət və incəsənət xərcləri 9,7 faiz, elm xərcləri isə 4,2 faiz artımla proqnozlaşdırılıb.   /Cebhe.info/