Gürcü müxalifəti: Hədəfdə nə var?

Gürcüstanın eks-prezidenti hazırda Hollandiyada yaşayan Mixeil Saakaşvili ölkəyə qayıtmaq istəyini  bəyan edib.

Dekabrın 2-də Tiflisin mərkəzi meydanında keçirilən mitinqdə tərəfdarları qarşısında “Skype” vasitəsilə çıxış edən M.Saakaşvili bildirib ki, əgər onu dəvət etsələr Gürcüstana dönməyə hazırdır.

Qeyd edək ki, aksiya iştirakçıları noyabrın 28-də keçirilmiş prezidenti seçkilərinin nəticələrinə etiraz edib. Qriqol Vaşadzenin namizədliyini  irəli sürmüş “Güc birlikdədir” bloku və ona dəstək verən digər müxalifət partiyaları ikinci turun nəticələırini tanımadıqlarını və yeni səsvermənin keçirilməsini tələb edib. 

Mitinqdə həmçinin, növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki sistemində islahatların aparılmasına dair tələblər səsləndirilib.  Saakaşvili mitinqin keçirildiyi parlament binasının qarşısında quraşdırılmış böyük monitor vasitəsilə tərəfdarlarına müraciət edib: “Biz hər şeyə nail olacağıq. Mübarizəmiz mütləq qələbə ilə nəticələnəcək. Bu mübarizədə mən sizinlə bir cərgədəyəm,  bərabərəm, sizlərdən biriyəm.  Mənim xüsusi rola mailk olmaq üçün heç bir iddiam yoxdur. Ancaq mən istəyirəm siz biləsiniz: Elə ki, mən sizə lazım oldum, məni çağırın. Həmin saniyə mən fiziki cəhətdən  sizinlə, liderlərinizlə, bizim gəncliyimizlə bir sırada olacam. Mən qələbəmizə hər birimizin bir kərpic qoyması üçün Gürcüstana gələrəm”.

M.Saakaşvili ölkədə baş verənləri fəlakət adlandırıb.“Əvvəllər biz mümkün fəlakətdən danışırdıq.Fəlakət baş verib. Çünki Gürcüstanda artıq seçki institutu  mövcud deyil. Onlar düşünür ki, Gürcüstan xalqı bunu uddu və hər şeyi bağışladı. Biz buna  dözməyəcəyik” – Saakaşvili müraciətində belə deyib.  Etiraz aksiyası keçirən müxalifət qüvvələri hökumətə ultimatum verərək tələblərinin  yerinə yetirilməsi üçün dekabrın 16-a qədər vaxt verib. 

Mitinqdə prezident seçkilərində qalib gəlmiş Salome Zurabişvilinin rəqibi Qriqol Vaşadze çıxış edib. O, bildirib ki, üzvü olduğu Vahid Milli Hərəkat Partiyası və onun namizədliyini dəstəkləyən digər siyasi təşkilatlar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir: “Biz dinc vasitələrlə  növbədənkənar parlamet seçkilərinin təyin olunmasına və keçirilməsinə nail olacağıq”.

Vaşadze hökumətə dinc məsləhətləşmələr aparmaq üçün işçi qrupun yaradılmasını təklif edib. O, seçkinin nəticələrini mübahisəli hesab etdiyi üçün məhkəməyə müraciət etmək istədiyini açıqlayıb. 

“Biz hökumətə dekabrın 16-a qədər vaxt veririk.Bizim növbəti addımlarımız bundan asılı olacaq”-Qriqol Vaşadze belə deyib.Xatırladaq ki, dekabrın 16-da Salome Zurabişvilinin inauqurasiya mərasimidir.

Onu da qeyd edək ki, “Güc birlikdədir” bloku seçkilərdən sonra verdiyi bəyanatda səsvermə prosesində saxtalaşdırmaya yol verildiyi üçün nəticələri tanımadığını bildirib: “Gürcüstanda prezident yoxdur. Bidzina İvanişvilinin prezidentliyi var. Birləşmiş müxalifət  proporsional və ya proporsional-regional əsaslarla növbədənkənar parlament seçkiləri tələb edir”. 

Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri, parlamentin deputatı Nika Meliya aksiya iştirakçılarının konstitusiya çərçivəsindən kənara çıxmadığını bəyan edib.Tələb edirik ki, seçki komissiyalarına qeyri-hökumət təşkilatları və xarici ekspertlər daxil edilsin.Tələb edirik ki, “Oğru arzusu” xalqın səsini eşitsin”-Vaşadze öz çxışında belə qeyd edib.

Gürcüstanda prezident seçkilərinin nəticələrini təhlil edən ekspertlərin fikrincə, artıq  müxalifət səsvermənin nəticələrini dəyişmək iqtidarında deyil. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ABŞ Dövlət Departamenti seçkilərin qanun pozuntuları ilə keçdiyini  bəyan edib. Avropa Şurasının yanvar ayında keçiriləcək qış sessiyasında da seçkilərə kobud müdaxilələrin baş verməsinə dair  faktlar çox güman ki, hesabata daxil ediləcək.  Lakin bütün bunlar ümumi yekunlara təsir göstərəcək səviyyədə deyil. Artıq dünya  dövlətlərinin başçıları, o cümlədən ABŞ və Avropa ölkələri S.Zurabişvilini prezident seçilməsi münasibəti ilə təbrik edib. ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərini müvəqqəti icra edən Ross Uilson seçkilərin demokratik şəraitdə keçdiyiini deyib.

Ona görə də Gürcüstan müxalifətinin yeni mərhələ uğrunda mübarizəyə başladığını görmək olar.Qriql Vaşadzenin tərəfdarları əsasən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyalarına başlayıb. Bu isə müxalifətin səsvermənin nəticələri ilə dolayı yolla barışdığı və artıq parlament seçkiləri uğrunda mübarizəyə  başladığı  anlamına gəlir. Mixeil Saakaşvilinin və Qriqol Vaşadzenin bəyanatları da Vahid Milli Hərəkat Partiyasının yeni parlamentdə çoxluq uğrunda mübarizəyə start verdiklərini göstərir. Çünki Gürcüstanda sonuncu konstitusiya islahatından sonra prezident məhdud səlahiyyətlərə malikdir. Ölkədə parlamentli respublika sisteminin mövcud olması ilə əlaqədar ali icra hakimiyyətinin başçısı baş nazirdir. Hökumət parlament seçkiləri vasitəsilə formalaşdığından Vahid Milli Hərəkatın iqtidara gəlməsi üçün yeganə yol parlament seçkilərindən keçir.Salome Zurabişvilinin qələbəsindən sonra müxalifət üzərində siyasi və psixoloji üstünlüyə malik olan Gürcüstan rəhbərliyinin tezliklə növbədənkənar parlament seçkilərinə gedəcəyi indiki situasiyada real görünmür.  Bu da ölkədə siyasi qarşıdurma ehtimalını  artırır. Eyni zamanda, proseslərin növbəti mərhələdə inkişafı müxalifətin başladığı kütləvi aksiyaların miqyasından və təsir dairəsindən asılı olacaq. Əgər Gürcüstanda  müxalifət növbəti dinc inqilab ssenarisi həyata keçirməyə çalışsa, o halda parlamentin buraxılacağı və erkən seçkilər istisna edilmir.

Ekspertlərin fikrincə, Gürcüstanda daxili siyasi vəziyyətə regionda baş verən geosiyasi proseslər də təsirsiz ötüşməyəcək. Belə ki, Gürcüstanda seçkilərlə eyni vaxtda  Azov dənizində Rusiya ilə Ukrayna arasında baş vermiş münaqişə Qara dəniz hövzəsi bölgəsində ABŞ-la Rusiya arasında qarşıdurmanın açıq müstəviyə keçməsinə səbəb oldu. Ona görə də həm Gürcüstandakı seçkilərdə məhz B.İvanişvilinin dəstəklədiyi Salome Zurabişvilinin prezident seçilməsi, həm də Azov dənizində Ukrayna gəmilərinə edilən hücum Rusiyanın ABŞ-la rəqabətdə yeni  mövqelər əldə etməsi kimi qiymətləndirilir. Bu baxımdan, ABŞ-ın Rusiyaya cavab tədbiri olaraq, Gürcüstanda  hökuməti inqilabi yolla dəyişmək və Saakaşvilinin tərəfdarlarının növbədənkənar parlament seçkiləri yolu ilə hakimiyyətə gəlməsinə dəstək verə bilər.

Mövcud situasiyanı “Cümhuriyət”  qəzetinə şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, prezident seçkiləri artıq öz aktuallığını itirib. Qeyd edilən səbəbdən müxalifət parlamentdə yer almaq uğrunda mübarizəyə başlayıb: “Qərb seçki prosesindəki saxtakarlıqları tənqid etsə də bu məsələlərin üzərinə getmək istəmədi. Həmçinin Gürcüstan elə bir həssas nöqtədir ki, Qərb üçün orada sabitliyin qorunub saxlanılması ön plana çıxır.Bu baxımdan, prezident seçkilərinin təkrar keçirilməsi mümkünsüz görünür.Amma parlament seçkilərinin qabağa salınması, növbədənkənar seçkilərin keçirlməsi bütün ölkələrdə aktual olub.Bu məsələdə hakimiyyətdən hər hansı güzəştlər qoparmaq mümkündür.Ona görə Gürcüstan müxalifəti mübarizəni bu istiqamətə yönəldib”.

Qabil Hüseynlinin sözlərinə görə, Mixeil Saakaşvili Gürcüstana qayıda bilər.Lakin bunun baş verməsi üçün eks-prezidentin tərəfdarları onu hakimiyyətin siyasi repressiyasından qorumağı bacarmalıdır.   /Cebhe.info/