Hərbi vəziyyətdə telefon və internet xidmətləri dayandırıla bilər – Qaydalar

Hərbi vəziyyət dövründə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadə xüsusiyyətləri açıqlanıb. 
Turkustan.info-nun məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi Kabineti “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ında əksini tapıb. 
Hərbi idarəetmə orqanları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadədə üstünlük hüququna malikdirlər. Telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), televiziya və radio yayımının fəaliyyəti isə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər. 
Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya və poçt operatorları tərəfindən hərbi idarəetmə orqanlarının aşağıdakı ehtiyacları ödənilir:
– telekommunikasiya xətləri və kanalları,  texniki cəhətdən ayrılması mümkün olan telekommunikasiya xidmətləri;
– telekommunikasiya şəbəkəsində nömrə tutumu və son avadanlıqlar;
– internet şəbəkəsinə qoşulma;
– radiorabitə kanalları və tezlikləri;
– tələbata uyğun digər telekommunikasiya vasitələri və qurğuları;
– səyyar poçt xidmətlərinin təşkili.
Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya operatorları tərəfindən hərbi idarəetmə orqanlarına telekommunikasiya və poçt xidmətlərinin göstərilməsinin NRYTN, televiziya və radio yayımı xidmətlərinin isə MTRŞ-in razılığı olmadan dayandırılmasına yol verilmir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə hərbi idarəetmə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına aşağıdakı hallarda yol verilir:
 
– telekommunikasiya şəbəkələrində boş nömrə, port və xətt tutumu olmadıqda;
– telekommunikasiya şəbəkələrində texniki yüklənmə yarandıqda.
Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin ilk növbədə hərbi idarəetmə orqanlarının istifadəsinə verilməsi ilə əlaqədar məhdudlaşdırılması və ya dayandırılması barədə qərar hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin mövcud vəziyyətinin təhlili əsasında hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, NRYTN tərəfindən qəbul edilir. Qəbul edilmiş qərarda telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti göstərilir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, müvəqqəti olaraq telefonları şəbəkədən aça və internet xidmətlərinin göstərilməsini dayandıra bilər. Hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanları tərəfindən ilk növbəli abunəçilər müəyyənləşdirilir və telekommunikasiya xidmətlərindən istifadəyə üstün şərait yaradılması üçün onların siyahısı NRYTN tərəfindən telekommunikasiya operatorlarına göndərilir. Abunəçilərə telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda onların telefon vasitəsilə ixtisaslaşdırılmış təcili yardım xidmətləri (yanğından mühafizə, polis, təcili tibbi yardım, fövqəladə hallar, qaz və elektrik qəza xidmətləri və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) ilə əlaqəsi mümkün həddədək təmin edilir.
Ehtiyac yarandıqda, NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, hərbi vəziyyət dövründə məlumatların əhaliyə operaitv yayılması üçün əlavə resurslar ayırır. Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti hərbi vəziyyətin müddətindən artıq ola bilməz. Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin daşınar və daşınmaz əmlakı əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlak isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər.
 Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə RNYTN tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq poçt operatorlarının fəaliyyəti mərkəzləşdirilmiş qaydada koordinasiya edilərək, hərbi idarəetmə orqanlarının, digər idarə, müəssisə və təşkilatların, əhalinin poçt xidmətlərinə olan ehtiyaclarının ödənilməsi təmin edilir, hərbi təyinatlı poçtun daşınması təşkil olunur. Hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanlarının telekommunikasiya xidmətlərindən istifadə imkanları məhdudlaşdığı halda, onlara poçt operatorları tərəfindən səyyar poçt, xüsusi rabitə və ya kuryer xidmətlərindən istifadə imkanları yaradılır.