Paşinyan “taxtını”möhkəmləndirir: GEDİŞ

Ermənistan baş naziri vəzifəsini  icra edən Nikol Paşinyan ölkədə parlament üsul-idarəsindən prezident idarəçiliyinə keçiləcəyini istisna etməyib. O, bu bəyanatla bazar günü Sisyan şəhərində “Mənim addımım” blokunun seçkiqabağı mitinqində çıxış edib. Görünən odur ki, Paşinyan rəqiblərini cəzalandıra bilsə və seçkini udsa, konstitusiyanı dəyişdirəcək. Maraqlıdır, Paşinyanın Ermənistan Konstitusiyasını dəyişməkdə məqsədi nədir?

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Paşinyanın Konstitusiyanı dəyişmək cəhdi onun əleyhinə işləyə bilər:

“Amma bu onu göstərir ki, problemlərlə bol olan ölkələrdə parlament üsul-idarəsinə keçilməsi populist, səhv qərardır. Paşinyan da görür ki, Ermənistan kimi problemli ölkədə, Cənubi Qafqaz kimi keşməkeşli bölgədə məsələləri həll etmək üçün geniş səlahiyyətlərə malik olmaq lazımdır. Bu geniş səlahiyyətləri əldə etmək üçün yenidən prezident üsul idarəsinə keçid etmək lazımdır. Görünür Paşinyan “Qarabağ klanı” üzərində mütləq qələbəni  ancaq geniş səlahiyyətli prezident üsul idarəsinə keçməkdə görür. Onun bu çıxışı Avropada birmənalı qarşılanmayacaq. Qərbyönümlü ermənilər arasında da bu etiraza səbəb olacaq. Opponentləri də bundan Paşinyana qarşı istifadə edəcək. Lakin bu bir daha onu göstərir ki, Cənubi Qafqazda problemlər həll edilməyənə qədər bu bölgənin ölkələri tərəfindən parlament üsül idarəsinə keçmək hələ tezdir. Populizm başqa, reallıqlar isə başqadır. Bu reallıqları da hakimiyyətə keçəndən sonra hiss etməyə başlayan Paşinyan, prezident idarəçiliyinə keçid barədə düşünməyə başlayıb”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, parlament üsul-idarəsi Paşinyanın hakimiyyət planlarını pozur:

“Ermənistanın inqilab rəhbəri və baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın seçki təbliğatında Konstitusiyanı dəyişəcəyi, yenidən prezident üsul-idarəsinə keçəcəyini qeyd etməsi  əsasən, özünün növbəti mərhələdə mütləq hakmiyyətinə hesablanıb. Çünki, parlamentar sistemdə müxtəlif təzyiqlərlə üzləşəcəyinin fərqində olduğundan konstitusiyada dəyişikliyə  gedəcəyi şübhəsizdir. Çünki, onun apardığı siyasət bir müddətdən sonra effekt verməyəcək və parlamentdə müxalifətin daha da güclənməsinə gətirəcək. Bu da növbəti seçkilərdə məğlubiyyət deməkdir. Prezident üsul-idarəsində bir neçə il hakmiyyətdə qalmağı planlaşdırır. Ermənistan kimi kiçik dövlətlərdə demokratiya sözdədir. Müəyyən şanslardan istifadə edərək hakimiyyəti ələ alan  Paşinyan prezident olaraq ölkəni idarə etmək istəyir. Hesab edirəm ki, parlament üsul-idarəsi Paşinyanın müəyyən hakmiyyət planlarını pozur. Buna görə prezidentlik postunda tək əlində hakmiyyəti formalaşdırmaqla, nəzarəti əlində saxlayacaq”.   /Cebhe.info/