Haşmet Akalın yaradıcılığına bir baxış

Sənubər Hacıyeva

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Sənətşünaslıq fakültəsinin magistri

 Türkiyənin cənub-qərbində yerləşən İspartanın kiçik bir əyaləti Baladızda baş verən kəndli-ağa qarşıdurmasının leytmotiv kimi seçildiyi bu tablonun müəllifi Haş­met Akal 1918-ci ildə İstanbulda anadan olmuşdur. O, şair Rasim Haşmet bə­yin oğ­lu­dur. Rəssam İstanbulda yerləşən Galatasaray və Haydarpaşa məktəblərində təh­sil al­mışdır. H.Akal 1938-ci ildə İstanbul Dövlət Güzel Sanatlar Akade­mi­ya­sı­nın Rəngkarlıq fakültəsinə daxil olur.  Burada o, rəssam Leopold Levidən dərs alır. Rəssam özü kimi istedadlı gənc rəngkarlarla birgə 1940-cı ildə “Yenilər” yaxud “Liman qrupu” adlanan yeni bir cərəyan yaradır. Bu qrupun ilk sərgisi həmin il mart ayının 28-də Beyoğlunda yerləşən Jurnalistlər Cəmiyyətində baş tutur. Cərəyanın ilk sərgisinin mövzuları Anadolu insanın məişəti, yaşam tərzi və İstanbul li­manları idi. Həmin dövrdə insanların prob­lem­lə­ri­ni, səfilliklərini kə­ta­na köçürmək və bu cür  əsərlərdən ibarət bir sərgi açmaq sənətkardan  cəsarət tələb edirdi.

1946-cı ildə akademiyanı bitirən H.Akal döv­lət hesabına Parisə ge­dir və bu­­rada Andre Lhote və Fernand Leger kimi rəssamların emalatxanalarında iş­ləmə şan­sını fövtə vermir. O, bir müddət də Jean Metzengerin yanında işləyir. Rəs­sam şi­mali Fransada yeni bərpa olunmuş bir kilsədə keçirilən yarışda qalib gə­lir.

Yarış di­var rəsmləri ilə bağlı idi və bu birinciliyə görə o, yaşadığı Valenciennes qə­sə­bə­sin­də məşhurlaşır. H.Akal 1953-cü ildə vətənə qayıdır. O, 1954-cü ildə bir bankın “İs­tehsal” adı altında açdığı yarışda “Balıqçılar” kompozisiyası ilə çıxış edir. Yarış rəs­sama uğur gətirir və elə həmin il Beyoğlu Şəhər Qalereyasında köhnə və yeni əsər­lərindən ibarət sərgi açır. 

Rəssamın yaradıcılığı kubist istiqamətə meyilli idi. H.Akal bu istiqamət üz­rə Parisdə yaşadığı müddətdə oxuyub-öyrənmiş, təcrübə toplamışdı. H.Akalın ya­ra­­dıcılığı fransız rəssamı Honore Daumirenin yaradıcılığına bənzəyirdi. Müqayisə üçün hər iki rəssamın bir sıra əsərlərinə nəzər salaq.

Haşmet Akal

                                                    Honore Daumire

 Müqayisə məqsədi ilə onun tablolarında ağ-qara rəngi daha çox önə çıxartmasını, tipləri kari­ka­tur­laş­­dırmasını və akademist fiqurlardan imtina etməsini göstərmək olar. 

Haqqında əvvəldə söz açılan əsər isə çox güman ki, rəssamın yaradıcılığının ilk dövrlərinə aiddir. Burada Anadolu insanının illərlə haqsızlığa məruz qalaraq son­da çıxış yolunu qatil olmaqda tapdığını görürük. Əsəri bir cümləlik atalar sö­zü­müzlə də izah etmək olar: “Mərdi qova-qova namərd edərlər”. Təbii ki, əksər hal­lar­da mərdi başqa heç bir şəkildə namərd birisinə çevirmək olmur. Əgər xislətində yox­dursa, təbii ki. Əsər real həyatda yaşanmış bir hadisə ilə bağlıdır. Belə ki, ha­di­sə­nin şahidlərinin bəziləri hələ də yaşayırlar. Burada mərd Anadolu insanı – Ba­la­dız­lı­lar, namərd isə Abdullah ağadır. Haqqında mahnılar bəstələnən bu hadisə elə mah­nılardan da birində deyildiyi kimi 1946-cı ildə baş vermişdir.

1946’nın yazında
Baladız’ın harmanları savrulur.
Demir Arif toprağında tozunda
Ecel gelmiş kuşlar gibi çevrilir,
Çevrilir ağam.

Haciz geldi ocakları bozuyor,
Kimi vergi kimi sorgu yazıyor.
Can dayanmaz kul canından beziyor
Böyle olursa demir kalmaz sivrilir,
Sivrilir ağam.

Akıl ermez şu feleğin işine
Ağa olmak, paşa olmak boşuna
Bir taş değer gelir bir gün başına
İnsan oğlu baki değil devrilir,
Devrilir ağam.

Abdullah kişi ağa olmuşdu, lakin insan ola bilməmişdi. Mahnıda da deyildiyi kimi o, əhalinin var-yo­xu­nu əlindən alır, şəxsi mülklərini, torpaqlarını sənədləşdirərək öz adına keçirir və on­ları özü üçün işləməyə məcbur edirdi. Yay aylarından biri idi… Və bu günlərin birində əhali kən­di gəzməyə çıxan Abdullah ağadan onların mülklərini özlərinə qaytarıb bu əzaba son qoymağını xahiş edir. Lakin o, bunu heç vaxt etməyəcəyini deyir. Ancaq özü də bilmirdi ki, o, bununla öz sonunu hazırlayır. Çünki artıq ba­la­dız­lı­la­rın səbr kasası daşmışdı. Ona tərəf gələn izdihamdan qorxan Ağa onlara atəş açır. Bir neçə nəfər yaralansa da insanları fikrindən döndərə bilmir və baladızlılar Ab­dul­lah ağanı daş yağmuruna tuturlar. İspartadan polis gəlsə də, heç cür içi qəzəb dolu bu insanların qabağını kəsə bilmir. Abdullah ağanın labüd ölümü gerçəkləşir. Polis onu xəstəxanaya, əhalini isə İspartaya aparır. Qadınları və uşaqları sərbəst bu­rax­sa­lar da 42 nəfər kişini həbs edirlər. Ruhi Sarı bu hadisədən təsirlənərək “Ba­ladız ağısı” adlı mahnı yazır və bu mahnını Edip Akbayram, sonralar isə başqa sənətkarlar oxu­yur­lar.

Hadisə ilə bağlı bir çox sənət nümunələri yaranır. Onlardan birni də əsas məq­sədi Anadolu insanının əziyyətlərini kətana köçürmək olan Haşmet Akal ya­ra­dır. Baladız hekayəsi adlanan əsərdəki hər bir xırdalıq gerçəkliyə uyğun olmasa da rəs­sam qorxu-hürkülü həmin hisləri, qəzəb və qisası göstərə bilmişdir. Əsərdə polisin mü­qavimətinə məhəl qoymayan bir insanın Abdullah ağanın üzərinə böyük bir daş en­­dirmək üzrə olduğu, ağanın da bundan xilas olmağa çalışması göstərilmişdir.

Mə­nim fikrimcə, rəssam burada heç kimin öz qismətindən qaça bilməyəciyini gös­tər­mişdir. Qadınların, uşaqların və yaşlıların üzlərindəki qorxu, eyni zamanda po­lis­dən gizlənmək cəhdləri uğurlu şəkildə tabloya köçürülmüşdür. Anaların üz­lə­rin­də qayğı və kədər öz ifadəsini tapmışdır. Gələcəkdən xəbərsiz analar uşaqlarını sa­kit­ləşdirməyə çalışırlar. Ön planda ağ rəngdə baş örtülü qadının ağanı daşlayan in­sa­nın anası olduğu hiss edilir.

Bu, onun hərəkətlərindən və üz ifadəsindən bilinir. Qa­dının oğlunun gələcəyindən çox narahat olduğu onun əl hərəkətlərindən hiss olu­nur. Bu hadisədən narahatçılıq keçirən və ön planda verilən insanlardan fərqli ola­raq daha arxa planda verilən obrazlar bir insanın ölümünü izləyə biləcək qədər qə­zəb­li idilər. O obrazlar insanda – istəsələr kömək edə bilərlər amma etmirlər-tə­əsü­ra­tı yaradırlar. Əsərdə insanlarla yanaşı bir heyvan və məişət əşyaları da təsvir olun­muşdur. Həmin əşyalardan da bəlli olur ki, Ağa onları qovmuşdur. Və heç uşaq­larını geyindirməyə fürsət belə tapmamışlar. Məişət əşyalarının fakturası ustalıqla göstərilmişdir. Mis qabların və taxtadan hazırlanmış əşyaların materialı hələ əsərə ilk dəfə baxarkən hiss olunur. Məişət əşyalarının formalarının və fakturalarının yüksək səviyyədə təsvir edilməsi əsərdə naturallığın səviyyəsini artırır. Naturallığın mükəməlliyi tamaşaçıda  əşyaların belə təsadüfən götürüldüyü təəsüratını yaradır. Əsərdəki hadisə yay günəşinin yan­dırdığı təpələrin ətəyində təsvir edilmişdir. Gölün ətrafından başlayan meşə uzaq­lara qədər uzanır və bunun nəticəsində rəssam perspektiva yaradır. Əsərdə ağanın öldürüldüyü tərəfdə biz müəyyən bir postamentin üzərində quraşdırılmış uzun bir dəmir parçası görürük.

Əgər biraz da diqqət yetirsək görərik ki, onun vasitəsiılə rəssam sanki kompozisiyanı iki hissəyə bölmüşdür və bu da əsərə təzad gətirmişdir. Bu fiqurdan sol tərəfdə insanların talelərinin həll olunması, gərginlik, qisas, qəzəb kimi hislərin baş alıb getməsinə baxmayaraq sağ tərəfdə həyat çox sakit tərzdə davam edir. Gölün ətrafındakı yaşıllıq, meşəlik və təmiz havanın, sükutun duyulması bəlkə də əsərdəki bu gərginliyi azaltmağa xidmət edir. Kompozisiyada gərginlik və sükut həlli ilə təzadın göstərilməsi rəng çalarları ilə davam edir. Biraz da diqqət yetirsək kompozisiyadakı rəng təzadını da seçə bilərik. Həmin fiqurdan sağda daha açıq və əlvan rənglərdən istifadə olunmasına baxmayaraq solda daha tünd koloritə müraciət edilmişdir. Hətta eyni bir rəngin müxtəlif çalarlarından istifadə olunmuşdur. Bu özünü təpənin və ətəkdəki evin damının rənglərində biruzə verir. Burada o qədər də nəzərə çarpmayacaq dərəcədə qəhvəyinin və qırmızının bir ton açığından istifadə olunmuşdur.

  Əsərdə bə­lək­­dəki körpənin əl hərəkəti belə boşuna çəkilməmişdir. Çünki əsl rəssamın tab­lo­sun­da təsadüfi heç bir şey olmamalıdır.

Bu, azadlıq istəyinin simgəsi olmalıdır. Rəssam bununla kəndlilərin Abdulla ağadan xilas olduqlarını vurğulamaq istəmişdir. H.Akal bir bu əsəri ilə “Liman” qrupundakı qayəsini mükəmməl şəkildə ifadə edə bilmişdir. 

Əvvəldə də qeyd etdiyim kimi rəssam Fransada bərpa olunmuş bir kilsəyə işlədiyi kompozisiyası ilə birincilik qazanır. Biz bu əsərdə artıq onun yaradıcılıq manerasının dəyişdiyinin şahidi oluruq.

Əsər kilsə üçün çəkilmiş olsa da, biz burada bildiyimiz təsvirlərlə qarşılaşmırıq. Fiqurlar daha fərqli işlənilmişdir. Üz ifadələrinə diqqət yetirilsə də qeyri-müəyyənlik vardır. Əsərdə kölgədə qalan fiqurların verilməsi ona mistiklik gətirsə də fiqurların qeyri-proporsional formaları kompozisiyadakı dini mistikanı yox edir. Mərkəzdə Müqəddəs Məryəm və İsa peyğəmbər təsvir olunsa da biz onları yalnız ənənəvi duruşdan tanıya bilirik. Məryəm ananın geyimi adətən Mayessalarda istifadə olunan geyim formasıdır. Rəng qammasına gəldikdə isə demək olar ki, eyni rəngin müxtəlif çalarlarından istifadə olunmuşdur. Ətrafda dua edən fiqurların təsvir olunması əsərin kompozisiyasının dini sujet üzərində qurulduğunu sübut edən detallardan biridir.