Avropada dollara qarşı DİRƏNİŞ

ABŞ-ın iqtisadi hegemonluğu dünya ölkələrini  birgə addımlar atmağa vadar edir.

 Dollardan imtina məsələsi bir neçə dəfə müxtəlf dövlətlər tərəfindən dəfələrlə müzakirələrə çıxarılsa da, hələ ki, bunun mexanizmi tapılmayıb. Bu da ölkələri dolların hegemonluğu ilə razılaşmaq məcburiyyətində qoyur. Avropada isə xeyli müddətdir ki, Avrozonanın müştərək valyutası olan  avronun gücləndirilməsi ilə bağlı tədbirlər planının hazırlanması istiqamətində işlər aparılırdı. 

Artıq Avropa Birliyi ölkələri nəticə əldə ediblər, Bu barədə Avro Qrupunun sədri və Portuqaliyanın maliyyə naziri Mario Centeno “Nail olduq” deyə, açıqlama verib. O,  Avropa Birliyi üzvü olan ölkələrin maliyyə nazirlərini Brüsseldə bir araya gətirən Avro Qrupunun toplantısından sonra mətbuata açıqlama verib: “”Bacardıq. Bir neçə ay davam edən gərgin danışıqlar, çox çətin və uzun bir görüşdən sonra, avronu gücləndirmək üçün geniş bir plan hazırladıq”,

Centeno bütün maliyyə nazirləri tərəfindən qəbul edilən və üzərində razılaşma təmin edilən Avro Bölgəsi islahat planının müəyyən edildiyini deyib. Plan gələn həftə Brüsseldə keçiriləcək Avro Zirvəsində liderlərlə müzakirə olunacaq.

Mario Centenonun sözlərinə görə,  İslahat çərçivəsində, maliyyə problemi yaşayan Avro Zonası ölkələrinə maliyyə dəstəyi təmin etmək üçün yaradılan Avropa Sabitlik Mexanizmində (ESM) rolunu gücləndirmək mövzusunda razılaşma əldə edilib. Mexanizm iqtisadi böhranlara qarşı tədbir alətlərinin fəaliyyətinin gücləndirməsini nəzərdə tutulur.

Centeno deyib ki, Yeganə Həll Fonduna (SRF) da dəyişikliklər ediləcək ki, bu da bank birliyinin etibarını və qücünü artıracaq. 

Toplantıda Fransa və Almaniyanın AB büdcəsinin bir hissəsi kimi Avro Bölgəsi büdcəsi qurulmasını təklif də müzakirə olunub ki, Centenonun sözlərinə görə, liderlərin Avro Zirvəsində icazə verəcəkləri halda bu mövzuda işləməyə davam edəcəklər. 

Avro Qrupunun avronu gücləndirmək istiqamətində tədbirləri hansı nəticələri verə bilər, bu gələcəkdə Avropa Birliyi ölkələrinin dollardan imtina etməsinə gətirib çıxara bilərmi? Belə olarsa, bu dolların dünya iqtisadiyyatındakı mövqeyinə necə təsir edər? 

İqtisadçı ekspert Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə verdiyi açıqlamasında Avrozonada vahid valyuta siyasətinin həyata keçirilməsi, avronun kursunun sabit saxlanması və dünyada möhkəmləndirilməsi istiqamətində 2010-cu ildən kompleks tədbirlər həyata keçirildiyini xatırladıb: “Yunanıstanda baş vermiş iqtisadi böhran Avropa Birliyi ölkələrinin və bu ölkələrin ticarət tərəfdaşlarının mövqelərinə müəyyən mənada mənfi təsir göstərmişdi. Avronun dünya bazarında mövqeyində zəifləmələr olmuşdu. Avrozonanın vahid valyutasının dollarla müqayisəsi, hansı valyutanın daha möhkəm olacağı ilə bağlı müzakirələr uzun müddətdir ki, aparılır.

Yəqin ki, gələcəkdə də aparılacaq”.

İqtisadçı deyir ki, Avrozonada olan dövlətlər ən başlıcası özlərini iqtisadi zəmanət sistemini qurmaq istəyirlər: “Çünki, ABŞ-la bir sıra ölkələr, o cümlədən İran, Rusiya, hətta Kanada müəyyən iqtisadi və ticarət münasibətlərində problemlərlə rastlaşırlar. Bu problemlər zaman-zaman Avrozonada olan ölkələrin də iqtisadiyyatına dolayı və birbaşa təsir edir. Xüsusilə də ABŞ prezidenti Donald Trampın xarici münasibətlərdə qeyri-sabit davranışları Avropa dövlətlərini bu arada daha çox düşündürməyə başlayıb.

ABŞ-la Avropa Birliyi dövlətlərinin arasında böyük iqtisadi münasibətlər var. Amma ABŞ bir bazar olaraq, diktə edir ki, İranla münasibətlər dayandırılsın. İrana tətbiq edilən son sanksiyalardan sonra Fransa, Rumıniya, İtaliya, Almaniyanın iri şirkətləri bu ölkədən iri investisiyalarını geri çəkmək məcburiyyətində qaldı. Təbii ki, bunlar da birbaşa həmin Avropa Birliyi dövlətlərinin iqtisadi vəziyyətinə, dolayısı ilə avronun məzənnəsinə təsir edir”.

Razi Abbasbəyli deyir ki, Avropa Birliyi avronun kursunu möhkəmləndirə və bu da dolların müəyyən mənada dəyər itirməsinə gətirib çıxara bilər: “Amma hesab etmirəm ki, bu dünya iqtisadiyyatında özünü mühüm formada göstərəcək”.

Bununla belə, ekspert Avropa Birliyi ölkələrinin gələcəkdə dollardan imtina  edəcəyinə inanmır: “Ümumiyyətlə, Avropa Birliyi dövlətlərinin dollardan imtina etmək kimi prioritet hədəfləri yoxdur. Həm ABŞ, həm də ABŞ-ın dostları ilə Avropanın iqtisadi münasibətləri mövcuddur. Bu münasibətlər siyasi münasibətlərə görə zaman-zaman dəyişə bilir. Dollardan imtina edilməsi, yalnız öz valyutası ilə ticarət etmək prioritetləri kiçik dövlətlərdə qarşıya qoyula bilər. Avrozona böyük bir iqtisadi coğrafiya olduğuna görə, güman etmirəm ki, belə bir məsələ nəzərdə tutulsun”.

Avronun möhkəmlənməsinin Avropa Birliyinin maliyyə dayanıqlığına və antiinhisar tədbirləri istiqamətində təsirlərinə gəlincə, Razi Abbasbəyli deyir ki, əslində nə Avropa Birliyi, nə də ABŞ-ın maliyyə durumunda hansısa ciddi çətinliklər mövcud deyil: “Bu kimi tədbirlər həm ABŞ, həm də Avropa Birliyi dövlətləri üçün qalxan məqsədi daşıyır ki, hər iki tərəf bu qalxandan istifadə edir”.  /Cebhe.info/