Bakıda daha bir qalmaqal: Ailəli qadının intim videosu çəkildi – Təfərrüat

Bakının Qaradağ rayonunda qadını intim video və fotoları ilə şantaj edən Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Turkustan.info xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Miryusif Məmmədova şərti cəza verilib və məhkəmə zalından sərbəst buraxılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib, cəzanın sərtləşdirilməsini istəyib.

Prokurorun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Qədim Babayevin icraatına verilib.

İlkin baxış iclası dekabrın 20-nə təyin olunub.

İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərti verilib – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.

Müəyyən edilib ki, Miryusif Məmmədov Əfsanə ilə sosial şəbəkələrdən birində tanış olub.

Sonradan Miryusif ilə Əfsanənin münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər.

Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.

Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.

Miryusif Əfsanədən ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.

Bundan sonra Əfsanə hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.

İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.  /Teleqraf.com/