Novruzovdan sərt çıxış: O azərbaycanlılar nə iş görür?

Bu gün Azərbaycan və Rusiya arasında çox gözəl münasibətlər var.

Turkustan.info xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

“Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur: niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmir? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunurmu? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz” , – Novruzov bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir:

“Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətləini dərk etməlidir”.  /Axar.az/