Hökumət Qarabağ Komitəsinin mitinqlərinə niyə razılıq vermir?

Tural Abbaslı: “Hakimiyyət köhnə və tanıdığı rəqiblərindən çəkinmir”

Fərəc Quliyev: “İlk mitinq həm keyfiyyətcə, həm də kəmiyyətcə Qarabağ adına urvatdan salınmış bir aksiya oldu”

Xəbər verdiyimiz kimi, Qarabağ Komitəsinin 15 dekabra təyin etdiyi mitinqə də BŞİH icazə verməyib. Bu, komitənin mitinq keçirmək üçün aldığı ikinci rədd cavabıdır. Belə ki, qurumun 24 noyabr aksiyasına da mənfi cavab verilmişdi.

Bu, bir sıra müzakirələrə səbəb olub. Son beş ildə Milli Şura və Müsavat kimi müxalif qurumların siyasi şüarlarla keçirdikləri mitinqlərin əksərinə hakimiyyət icazə verib, aksiyaların keçirilməsinə heç bir maneə yaratmayıb. Amma Qarabağ Komitəsinin “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə razılıq verilmir.

Hakimiyyətin bu quruma münasibətdə ehtiyatlı davranışı ilə bağlı fərqli fikirlər səslənir. Hökumətin komitənin fəaliyyətinin genişlənməsindən və sonda siyasi bir quruma çevrilə biləcəyindən ehtiyat etdiyi vurğulanır. Doğrudur, Qarabağ Komitəsinin bəyanatında, təsisçilərinin açıqlamalarında qurumun siyasi təşkilat olmadığı dəfələrlə bildirilib. Amma görünən odur ki, bu heç nəyi dəyişmir.

Hökumətin 30 il öncə Azərbaycanda başlayan məlum proseslərin birbaşa Qarabağ adına bağlı olduğunu nəzərə aldığı da iddia olunur. İki mitinqə icazə verilməməsinin səbəblərin sırasında bu nüans da nəzərə alınır.

Картинки по запросу Tural Abbaslı

Qarabağ Komitəsinin qarşıdakı bir ayda iclaslarına sədrlik edəcək, qurumun təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı məsələyə bu cür şərh verdi: “Əslində bu addımı nəyə görə atdığını ən gözəl hakimiyyətin özü cavablandıra bilər. Bizlər ən yaxşı halda onun atdığı addımları əlimizdə olan məlumatlar və ehtimallarla analiz edə bilərik. Odur ki, hakimiyyət “niyə “istefa, azadlıq, azad seçki” kimi şüarlarla keçirilən mitinqlərə icazə verir”, “niyə “Qarabağa azadlıq” şüarıyla mitinqə icazə vermir” kimi suallara birmənalı cavab vermək olmaz. Ancaq görünən odur ki, hakimiyyət köhnə və tanıdığı rəqiblərindən çəkinmir və onların potensialına bələddir deyə rahatlıqla razılıq verir. Çünki biz Qarabağ Komitəsi adından hər zaman bəyan etmişik ki, bu komitə siyasi quruluş deyil və siyasətə qarışmır. Buna baxmayaraq yenə də mitinqə razılıq verilmədi. Ola bilər ki, ilk mitinqdən sonra kütləvilikdən və izdihamdan çəkiniblər. Ya da elə ehtimal edirlər ki, Qarabağ Komitəsi bəlli bir güc topladıqdan sonra bu gücü onlara qarşı yönəldəcək. Belə düşünürlərsə yenə də yanılırlar. Əgər hakimiyyətdə əhali arasında bu mitinqlərin hansısa gərginlik yaradacağını ehtimal edirlərsə, doğru proqnoz etmirlər. Onlar unutmamalıdırlar ki, Qarabağ ümummilli məsələdir və bu məsələni kimsə iqtidar-müxalifət müharibəsinə çevirməməlidir”.

Картинки по запросу Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hakimiyyətin ehtiyatlı addımlarının başa düşülən olduğunu söylədi: “Qarabağla bağlı mövqeyim hər zaman ortada olub. Prezident seçkiləri vaxtı və parlamentin son iclaslarında bildirdim ki, Qarabağla bağlı yeni inteqrasiya qanunu qəbul olunmalı, torpaqların geri qaytarılması ilə bağlı bütün məsələlər nəzərə alınmalıdır. Hətta partizan hərəkatını da önə çəkib bildirmişəm ki, bu beynəlxalq konvensiyalara uyğundur. Gerçək olaraq proseslərin başladılması çox vacibdir. Dağlıq Qarabağla bağlı bütün addımların atılmasının tərəfdarıyam. Həbsdə olduğum vaxt – 1998-ci ildə bir təklif vermişdim ki, hakimiyyətlə müxalifət arasında Qarabağlı bağlı memorandum imzalansın. Düşünürəm ki, Qarabağla bağlı konkret bir çərçivə müəyyən edilməlidir. Belə olan halda müxalifət də biləcək ki, hakimiyyət yalnız bu çərçivə daxilində məsələni həll etmək istəyir. Hakimiyyət də bilsin ki, müxalifət Dağlıq Qarabağ məsələsindən istifadə edib hakimiyyətə gəlməyə çalışmayacaq. Bunu xüsusilə vurğulayıram. Bu çox ciddi şəkildə anlaşma ilə bağlı bir sənəd olası idi. Dağlıq Qarabağ məsələsi ilə bağlı 29 sentyabra təyin edilən mitinqə mən də çağırış etmişdim, yəni iştirakla bağlı. Amma siz də razılaşın ki, o mitinq həm keyfiyyətcə, həm də kəmiyyətcə Qarabağla bağlı urvatdan salınmış bir mitinq oldu. Təsəvvür edin ki, kənardan Ermənistan və ya beynəlxalq qurumlar o mitinqə baxıb Azərbaycan xalqının taleyüklü probleminə münasibətinin o cür olacağını müşayiət edəcək. Hakimiyyət öz strategiyasında Dağlıq Qarabağ məsələsinə zərər verə biləcək istənilən bir addımın olmamasını istəyir. Bunlar qorxudan yaranan bir şey deyil. Həmin mitinqdə Dağlıq Qarabağdan başqa hər şeydən danışıldı. Hamı söyüldü, birlik olan yerdə parçalanmaya yönəlik fikirlər səsləndi. Hesab edirəm ki, hakimiyyətin heç bir qorxusu yoxdur. Orada 3-5 min adamın olması heç nəyi dəyişməz. Beş milyonluq Bakıda 3-5 min adam o mitinqə çıxır. Hakimiyyət mitinqlərə heç bir məhdudiyyət qoymur. Sadəcə ortada beynəlxalq aləmin gözü qarşısında Qarabağla bağlı bu cür fəaliyyət var və hakimiyyət də bundan ehtiyatlanır. Düşünürəm ki, düz də edir. Belə bir böyük prosesi beynəlxalq aləmə bu cür təqdim etmək olmaz. Kimsə Qarabağ adından ambisiyaları üçün istifadə etməli deyil. Mən də o çərçivədə, belə şəkildə mitinqlərin keçirilməsini doğru saymıram. Müxalifətli, iqtidarlı xalqla birlikdə Qarabağla bağlı fikirlərimizi çatdırmalıyıq. Torpaqlarımızı əməli tədbirlə azad etməliyik”.   /Yeni Müsavat/

41 Baxılıb