Şb. İyl 20th, 2019

Kreditləşmə dayandı: Palata daha bir neçə bankı bağlaya bilər

Bankların vəziyyəti getdikcə daha da acınacaqlı hal alır.

Məlumdur ki, Azərbaycanda bankların əsas və belə demək mümkünsə, yeganə gəlir mənbəyi kreditlərdir. Yüksək faizli kredit Azərbaycan bankları üçün alternativsiz gəlir mənbəyidir. Amma hazırda bankların əksəriyyətində maliyyə-kredit siyasəti iflasa uğrayıb. Manatın kəskin ucuzlaşmasından sonra bankların kredit portfelinin böyük hissəsi problemə düşdü. Problemli kreditlərin həcmi isə günü-gündən artır. Banklar isə bu problemi borcu vətəndaşın üzərinə yükləməklə həll etmək istəyir. Amma bankların bu mövqeyi problemin daha da dərinləşməsinə xidmət edir.

Zamanında  təklif olunan həll mexanizmlərindən istifadə etməyən banklar bu gün faktiki iflas həddinə çatıb. Zamanında problemli kreditlər həll olunsaydı, bu daha ucuz başa gələcəkdi. Çünki hələ o, zaman üçün problemli kreditlərin həcmi hazırkından xeyli az idi. Getdikcə problemli kreditlərin həcmi artır, nəticədə isə problem “bahalaşır”.

Banklar isə düşdükləri ağır durumdan çıxmaq üçün daha bir fərqli, amma uğursuz yol seçib. Banklar yeganə gəlir mənbələri olan kredit siyasətini dondurmaqla problemi həll etmək niyyətindədir. Məlumdur ki, bir neçə bank artıq uzun zamandır kredit verməyə məhdudiyyət tətbiq edib. Bunun ən bariz nümunəsi isə “AGBank” ASC-dir. Bank istehlak, biznes və digər növ kreditlər vermir. Adıçəkilən bank yalnız ipoteka və əmanət üzrə götürülən kreditlərə çıxış imkanı verir ki, bunun da ümumi kredit portfelində payı kifayət qədər azdır.

Hansısa bank kredit vermirsə, bunun iki əsas səbəbi ola bilər. Bunlardan birincisi bankın maliyyə çatışmazlığı ilə üzləşməsidir. Yəni, bank etibarını itirdiyi üçün əmanət cəlb edə bilmir və nəticədə dövriyyəyə buraxmaq üçün nağd vəsaiti olmur. Nəticədə isə bank kredit siyasətini dondurmağa məcbur qalır. İkinci səbəb isə bankın bağlamaq ehtimalıdır. Bank rəhbərləri bağlanacaqlarını bildikləri üçün vəsaitlərini kredit şəkildə çıxarmaq istəmir və ləğvetmə prosesindən ən az zərərlə çıxmağı planlaşdırır. “AGBank” ASC-də hər iki amil özünü göstərir. Bankın bağlanacağı haqqında uzun müddətdir ki, məlumatlar yayılsa da, hələlik bu bank valyutadəyişmə məntəqəsi kimi öz fəaliyyətini davam etdirir.

Valyutadəyişmə məntəqəsi funksiyasını yerinə yetirən banklar siyahısını kifayət qədər uzatmaq olar. Bugünlərdə daha bir bank da bu sıraya qoşulduğunu rəsmən bəyan edib. Belə ki, “Günay Bank” ASC biznes və istehlak kreditlərini verməyi dayandırıb. Bankdan  bildirilib ki, hazırda yalnız ipoteka kreditləri və lizinqlə satış həyata keçirilir. Kreditlərin dayanmasının səbəbi kimi, ilin yekunu ilə əlaqədar yeni kredit proqramının işə düşməməsi göstərilib. “Günay Bank” ASC-dən kreditlərin nə vaxt bərpa olunacağını da açıqlamayıblar. Güman edilir ki, “Günay Bank” da maliyyə çatışmamazlığı ilə üzləşib və kredit siyasətini məhdudlaşdırması da məhz bununla bağlıdır.
Bütün bunlarla yanaşı bankların bağlanması məsələsi də hələlik gündəmdən düşməyib. Məlumata görə artıq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir sıra banklara mövcud durumlarını yaxşılaşdırmaq, daha dəqiq desək problemli kreditlərinin həcmini azaltmaqla bağlı tapşırıq verib. İddialara görə Palata banklara cari ilin sonuna qədər vaxt verib. Xəbərdarlıq olunan bankların isə “Unibank”, “Bank of Baku”, “AG Bank” və digər bir neçə başqa bankın olduğu deyilir.

“AG Bank”la bağlı məsələnin nə yerdə olduğu aydındır. “Unibank” ASC isə hazırda ən böyük problemli kreditləri olan bankdır. Ümumiyyətlə, söügedən banklarda problemli kreditlərinin həcmi ümumi kredit portfelində nəzərdə tutulandan daha çoxdur. 

Qeyd edək ki, devalvasiyadan sonra bankların sağlamlaşdırılması prosesi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 11 bankın lisenziyasını ləğv edib. Ancaq sonradan bu proses dayandırılıb. Görünən odur ki, Palata bu prosesə yenidən başlayacaq. Digər tərəfdən, bankların sağlamlaşdırılma prosesi 2018-ci ilin sonuna qədər bitməlidir. Bu haqda ölkə Prezidentinin ötən il mayın 3-də “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydası”nın təsdiq edilməsi ilə bağlı fərmanında da göstərilib. Sənədin tam şəkildə icrası üçün ödəmə qabiliyyətini tamamilə itirən bankların bazardan çıxarılması vacibdir.

Problemli kreditləri normadan artıq olan bankların taleyinin necə olacağı ilə bağlı Maliyyə Bazarlarlarına Nəzarət Palatasına (MBNP) sorğu ilə müraciət etsək də, Palata 15 gün keçməsinə baxmayaraq suallarımızı cavabsız qoydu.

Qeyd edək ki, Palataya 26 noyabrda bu suallarla müraciət etmişdik:

1. Hazırda fəaliyyətdə olan bankların ümumi kredit portfeli nə qədərdir və onların neçə faizi problemli kreditlərin payına düşür?

2. Problemli kreditləri nəzərdə tutulan normadan artıq olan banklar hansılardır?

3. Nəzərdə tutulan normadan artıq problemli krediti olan banklarla hansı iş aparılır?

Onu da nəzərə çatdıraq ki, qanunvericiliyə əsasən dövlət qurumları mətbuat orqanının sualını 14 iş günü ərzində cavablandırmalıdır.  /Cebhe.info/