Şb. İyl 20th, 2019

Milan Konservatoriyasının professoru: ”Novruz Novruzlu Dədə Qorqud kimi müdrik idi”

“Novruz Novruzlunun yeri hələ çox boş qalacaq”. Bu sözləri İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev “Savalan” qrupunun bədii rəhbəri, Akademik Opera və Balet Teatrının solisti mərhum Novruz Novruzlu haqqında bildirib.

“Onun sənəti bütün dünyaya göstərilsəydi, hamı heyran qalardı. Çünki qədim dövrü bugünkü günlə səsləndirə bilmişdi. Deyərdim ki, onun ürəyinin tutması da elə sənətinə tam bağlı olması və oxuduğu sözlərin dərinliyi və bununla millətin dərdinə qovuşması idi. O deyirdi ki, dərin sözü fasilələrdə görərsən. Ağızdan çıxan sözdə bir nöqtə var, bilindi ki, bu budur. Amma səssizliyin dediyi söz isə sonu olmayan üç nöqtələrdir. Novruz Novruzlu Dədə Qorqud kimi müdrik danışırdı, hamını ovsunlayır və sonra düşündürürdü. Bizi keçmişimizlə bağlayırdı”. 

Professor onun haqqında hələ çox danışılacağını qeyd edib: “Həmişə deyirdi ki, fikri izah etmək üçün hətta söz belə acizdir. Səs isə çox böyük sonu görünməyən sözü deyir. Novruz Novruzlu fəlsəfi insan idi. Düşünürəm ki, sonra dərk edəcəyik, necə böyük sənətkar həyatdan getdi. Novruz Novruzlunun da adı xalqımızın böyük istedadları sırasında yaşayacaq. Onun haqqında hələ deyilməyən çox sözlər olacaq və öyrəniləcək”. 

Elnur Eltürk