Ca. İyn 20th, 2019

Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasını keçirib.

Nazirlikdən bildirilib ki, iclasda notarial qaydada vərəsələrdən qəbul edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1115 şəhid hərbi qulluqçunun 1519 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Həmin qərarlar üzrə vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

Beləliklə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, bu günədək onlardan artıq 2338 şəhid hərbi qulluqçu üzrə 3038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər Nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara sms vasitəsilə bildiriş göndərilir.  /Modern.az/

Paylaşılıb
CrestaProject