Torpaq sahibindən alınanda: “Toyuq hini belə varsa, pulu ödənilməlidir”- QAYDA VƏ QİYMƏT

Nazirlər Kabineti “Şimal-Cənub”Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib. Bildirilir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən 56 kilometrlik Qasımlı-Astara hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. 

Ümumiyyətlə, dövlət ehtiyacı üçün alınan torpaqlarla bağlı qaydalar və qiymətlər necə tənzimlənir? 

Turkustan.info bildirir ki, neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari QəhrəmanlıCebhe.info-ya açıqlamasında kifayət qədər belə layihələrdə iştirak etdiyini bildirib. O deyib ki, bu hallarda tərəflərin müəyyən məsələlərdə ortaq razılığı vacibdir: 

“Qanuna əsasən, dövlət ehtiyacları üçün torpaqlar alınan zaman 2 ay əvvəl sahiblərinə bildiriş göndərilir. İnsanlar bilməlidirlər ki, onun torpağı dəmir yolunun altına düşür və bu torpaq sahələri dövlət ehtiyacları üçün götürülür. Bu halda torpaq sahibinə kompensasiya təklif olunur. Verilən torpaq kompensasiyası mütləq şəkildə bazar qiymətinə uyğun olmalıdır. Çünki zamana və yerinə görə torpağın qiyməti dəyişir. Bu olmadıqda, həmin torpağa adekvat başqa bir torpaq sahəsi təklif edilə bilər. Bildiriş verilən vaxt torpaq sahibinə bazar qiymətinə uyğun məbləğ təklif olunmalıdır. Əgər torpaq sahibi təklifin bazar qiymətlərinə uyğun olmadığını görərsə, məhkəməyə müraciət edə bilər. Bunun üçün ya öz fakt və əsaslarını sübut etməli, ya da məhkəmədən ekspertiza tələb edə bilər”.

QHT sədrinin sözlərinə görə, dövlət ehtiyacları üçün hər əmlak mülkiyyətçidən alınanda bütün amillər gözdən keçirilir: 

“Əgər torpaq sahibinin həyətində bir ağac belə varsa, bu da nəzərə alınmalıdır. Tutaq ki, armud ağacı var və bu ağac 3 ildən sonra bəhrə verəcək. Şəxs gözləyir ki, meyvə yetişsin və bəhrədən qazanc əldə etsin. Torpaqda anbar, hətta toyuq hini belə varsa, onlar da nəzərə alınmalı, pulu ödənilməlidir. Kimsə torpağını vermək istəmir məsələsi qəbul olunmur. O, birmənalı qaydada torpağı verməlidir, çünki dövlət ehtiyacı üçün alınır. Bu halda mübahisə ancaq kompensasiya və adekvat təklif olunan torpaqla bağlı yarana bilər ”. 

50 Baxılıb