Xələf Xələfov yeni vəzifədə nə iş görəcək?

Xələf Xələfov baş nazir Novruz Məmmədovun sərəncamı ilə Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub. X. Xələfov yeni vəzifədə hansı səlahiyyətləri icra edəcək?

Turkustan.info Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnaməyə əsaslanaraq bildirir ki, Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir.

Nazirlər Kabinetinin Aparatı bilavasitə Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbərinə tabedir. Nazirlər Kabineti Aparatının strukturunu və işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirlər Kabinetinin Aparatına ümumi rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri həyata keçirir. Əsasnaməyə əsasən, Nazirlər Kabineti Aparatının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Nazirlər Kabineti Aparatının inzibati vəzifə tutan digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Baş nazir tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti Aparatının rəhbərinin bir müavini var. Nazirlər Kabineti Aparatının rəhbərinin müavini ona Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən həvalə olunmuş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.

Nazirlər Kabineti Aparatının rəhbəri Nazirlər Kabineti Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin müavininin, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;  Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, habelə Baş nazirin və onun müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin təşkilini təmin edir;  Nazirlər Kabineti Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün Baş nazirə təqdim edir;

Aparat rəhbəri Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının ünvanına daxil olmuş sənədləri və müraciətləri baxılmaq üçün Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinə (bölmələrinə) göndərir; hüquqi aktların layihələrini razılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə göndərmək üçün Baş nazirə müraciət edir, rəy və təkliflər verilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərir; Nazirlər Kabineti Aparatının strukturu və işçilərinin say həddi barədə Baş nazirə təkliflər verir; Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil edir; Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının icrasını təmin edir; Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatlar alır; 

Nazirlər Kabineti aktlarının layihələrinə viza verir; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının rəsmi şərhini təşkil edir; əlaqələndirici və məşvərətçi orqanların işinin təşkilini təmin edir; Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə müzakirə aparır; Baş nazir tərəfindən vəzifəyə təyin olunmuş şəxslərin həvəsləndirilməsi və intizam tənbehi barədə Baş nazirə təkliflər verir; Nazirlər Kabineti Aparatının fəaliyyətinə dair əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; Nazirlər Kabineti Aparatının işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, habelə işçilərin məzuniyyətləri, ezamiyyətləri və xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri həll edir, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir; 

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında məxfiləşdirilməli məlumatların siyahısını təsdiq edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir; “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir; Nazirlər Kabineti iclasının gündəliyinin layihəsini formalaşdırır və müvafiq materiallarla birlikdə Baş nazirə təqdim edir; Nazirlər Kabinetinin iclasına dəvət olunan şəxslərin siyahısını Baş nazirlə razılaşdırmaqla müəyyən edir; Nazirlər Kabinetinin iclaslarında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlər, habelə səsyazma aparılması qaydasını müəyyən edir; Əsasnamə ilə, Baş nazirin və onun müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.

Nazirlər Kabineti Aparatının rəhbəri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini Nazirlər Kabineti Aparatının rəhbərinin müavini icra edir.   /oxu.az/

38 Baxılıb