Parlament nümayəndə heyəti Hindistanda Beynəlxalq Foruma qatılıb – Azərbaycan təcrübəsi də müzakirə olunub

Dekabrın 10-dan 15-ə qədər Hindistanın paytaxtı Yeni Dehlidə Hindistan hökümətinin, şəxsən baş nazirin ev sahibliyi ilə Beynəlxalq Forum keçirilib.

Strateq.az xəbər verir ki, Forum Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində beynəlxalq əməkdaşlığın roluna həsr edilib. Beynəlxaq tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Sosial şöbənin müdiri Adilə Abasova, Ana və uşaq sağlamlığı üzrə ekspert Xatirə Mirzəyeva iştirak ediblər. 

Millət vəkili Məlahət İbrahimqızı Strateq.az-a bildirib ki, dünyanın 85 ölkəsindən 1500-ə yaxın yüksək səviyyəli təmsilçilər bu forumda iştirak edib. Forum BMT-nın, Ümumdünya Parlament İttifaqının, Avropa, Asiya və Afrika Parlamentar məclislərinin, Ümumdünya Səhiyyə Təşkilatının, “Hər bir Qadın və Hər bir Uşaq” Beynəlxalq təşkilatının, Ana, Uşaq və Gənclərin sağlamlığı üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatının və bir sıra nüfuzlu beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunub.

Millət vəkili qeyd edib ki, əsas tədbirlərdən biri də parlamentarların, nazirlərin, yüksək səviyyəli hökümət rəsmilərinin, bəzi ölkələrin Birinci Xanımlarının və Hindistanın, Nepalın Baş nazirlərinin, baş nazirin müavinlərinin iştirakı ilə keçirilən xüsusi plenar və sessiya iclasları idi: “Forum BMT-nin Baş katibi Guterosun təbriki ilə işinə başladı. Sonra isə Hindistanın Baş naziri Narendra Modi, UNFPA-nin İcraçı ditektoru Natalya Kanem, Dünya Parlament İttifaqının prezidenti xanım Qabriela Barron, Ümumdünya Səhiyyə Təşkilatının və bir sıra yüksək səviyyəli çox mötəbər siyasətçi və dövlət adamları Forumun Açılış sessiyasında çıxış etdilər”.

 

Qeyd edək ki, Forumun plenar iclasında Əhaliartımı və İnkişaf üzrə Avropa Parlament Forumun adından millət vəkili Məlahət İbrahimqızı çıxış edib.

Onun verdiyi məlumata görə, Forumun 1-ci günü İPU-nun prezidenti dünyanın müxtəlif  ölkələrindən gəlmiş siyasətçilərlə ayrıca Forumla bağlı müzakirə keçirərək DİM-in həyata keçirilməsində parlamentarların rolu müzakirə olunub:

“İclasa sədrlik edən xanım Prezident Qabriela ötən üç il ərzində DİM-lə bağlı görülən işlərdən danışaraq, parlamentarların fəaliyyətinin artan rolu, zəruriliyi və önəmi haqda məruzə etdi. Bu iclasda İCPD və DİM üzrə Avropa Parlamenti Forumu adına, həm də Azərbaycan nümayəndə heyəti adına mən çıxış etdim. Xanım Qabriela, İPU-nun Azərbaycan Parlamenti ilə, xüsusilə də Azərbaycanın Prezidenti və Birinci Vitse – prezidenti ilə olan əməkdaşlığı, DİM sahəsində görülən işləri yüksək qiymətləndirdi və 4 dəfə Azərbaycana səfər etdiyini xatırlatdı. Forumun 2-ci günü Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində milli parlamentarların rolu mövzusunda təqdimatla çıxış etdim. Çıxışımda Azərbaycan Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə DİM sahəsində görülmüş işlər və ötən üç il ərzində əldə olunmuş nailiyyətlər haqqında Forum iştirakçılarına ətraflı məlumat verdim. Bu təqdimatdan sonra iştirakçıların DİM-nin həyata keçirilməsində Azərbaycan hökumətinin müsbət təcrübəsi ilə bağlı bir sıra sualları da cavablandırıq. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri – millət vəkili Kamilə Əliyeva, Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxış edərək DİM sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsinin və bu sahədə parlamentlərin əməkdaşlığından danışdılar”.

Səfər proqramı çərçivəsində Hindistan Parlamentində millət vəkillərindən ibarət Ana, Uşaq və Gənclərin sağlamlığı üzrə qrupun üzvləri ilə görüş olub, parlamentarlar arasında çoxtərəfli və ikitərəfli müzakirələr keçirilib. Forumda iştirak edən millət vəkilləri Hindistanın məşhur tibb elmləri universitetindən biri olan Hamdard Universitetində görüş və müzakirə də təşkil olunub.

 

Millət vəkilləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva və şöbə müdiri Adilə Abasova Azərbaycanın tibb təhsilindən və son illərdə bu sahə gedən islahatlar haqqında məlumat veriblər. Universitetin Analığın mühafizəsi, neonatal və perinatal xidmətin Azərbaycan təcrübəsindən danışılıb. Sonra orada müayinə olunan bir qrup hamilə qadınları müayinə edərək onlara məsləhətlər verdi.

Hindistan Senatında keçirilən görüşdə isə Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində milli parlamentarların əməkdaşlığı bir daha müzakirə olunub.

Forumun keçirildiyi müddətdə zəngin hind mədəniyyətini özündə əks etdirən müxtəlif mədəniyyət proqramları da təşkil olunub.

114 Baxılıb