SƏSi qırmızıya çalan xalq artisti

Sözü ifadə etməyin iki üsulu var- yazı və səs. SÖZ səslənəndə daha qüdrətli, daha kəsərli olur. Elə Tanrının “OL” kəlməsi də SƏSin qüdrəti ilə hökmünü tapıb. SƏS həm də rəngdir. SƏSin də qarası, ağı, qırmızısı, yaşılı, sarısı, göyü, çəhrayısı olur…
Sizə böyük ədiblərin yazı ilə ifadə etdiyini SƏSinin rəngi ilə tamaşaçıya çatdıran, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlıdan demək istəyirəm.
Onun aktyorluq fəaliyyətinə toxunmayacam. Çünki bu barədə həmkarları danışsa daha yaxşı olar. Mən onun necə gözəl bir insan, ziyalı olduğu barədə söhbət açmaq istəyirəm. Öncə qısa xronika:
-Nurəddin Əzulla oğlu Quliyev 1956-cı ildə Cəlilabad rayonunun Tahirli kəndində dünyaya gəlib. Orada böyüyüb, boya-başa çatıb. 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1978-ci ildə oranı başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və bu günədək orada çalışır…
23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Azərbaycan Respubliasının Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür…
Sözünü deyən ziyalıdır, bacardığı qədər, ölkədə olan problemləri qbardaraq, haqq sözünü dilinə gətirir. Onun bir sıra çıxışlarının şahidi olmuşam ki, bir xalq artisti kimi xalqın içindən çıxdığını, xalqın arasında olduğunu təsdiq edir…
2009-cu ildə xalq şairi Sabir Rüstəmxanlının Sumqayıt oxucuları ilə görüşünü təşkil etmişdim. Şəhərin Nərimanov adına mədəniyyət evində keçirilən bu görüşün təşkilati məsələləri ilə də özüm məşğul idim. Sumqayıt Daram Teatrından aktyorlarlarla danışıb, görüş üçün məxsusi yazılmış ssenari üzrə tədbirin aparılmasını təşkil etmişdim. Və görüşdə kimlərin çıxış edəcəyini özüm planlaşdırmışdım. Çıxışçılara bir-bir zəng vurub dəvət edir, məlumatlandırırdım. Xalq artisti Nurəddin Mehdixanlı da onların sırasında idi. Həmin tədbirdə o, elə bir çıxış etdi ki, 250-dən çox tamaşaçı onun sözünün, səsinin sehrinə düşmüşdü. Hamı onun çıxışına heyran qalmışdı. Yəqin ki, belə çıxışların siz də şahidi olmusuz. Odur ki, söhbətimi çox uzatmayacam…
Şəxsiyyətlə yaradıcılığın üst-üstə düşməsi anlamı var. Nurəddin Mehdixanlı məhz elə aktyorlardandır ki, bu anlamı əməlləri ilə təsdiq edib. Azərbaycanın kino tarixində Cavad xanın obrazını yaratmış bir insandan başqa nəsə gözləmək nadanlıqdır…
O, böyük ziyalı, həm də gözəl insandır…
Axı söhbətimin əvvəlində SƏSdən, onun rənglərindən söz açmışdım. Bəli, Nurəddin Mehdixanlının səsi qırmızı rəngdədir. Uzadan nəzərə çarpan, xəbərdarlıq edən, haray qoparan rəng…
Qarşıdan yeni il gəlir. Azərbaycanın bu gözəl övladını təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi

127 Baxılıb